İctimai nəqliyyatda sığortanın tətbiqi gediş haqqını bahalaşdıracaq

19 İyul 2014 08:25 (UTC+04:00)

Məlumdur ki, Azərbaycanda "Sərnişinlərin icbari sığortası" növünün beynəlxalq və şəhərlərarası marşrutlar üzrə tətbiqinə çoxdan start verilib. Bir sərnişin yeri üzrə illik sığorta məbləğləri hər bir nəqliyyat növü üzrə müəyyən məbləğ müəyyənləşdirilib. Həmçinin, artıq bəzi taksi xidmətləri də müştərisini sığortalayır. Ancaq hələlik praktiki olaraq yalnız hava nəqliyyatında sığorta haqqı istənilir. Digər nəqliyyat növlərində, xüsusi ilə də şəhərdaxili ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sığortalanması haqqında ictimaiyyətin dəqiq məlumatı yoxdur. Eyni zamanda gediş haqqının biletlə yox, nağd ödənişlə olması sərnişinlərin sığortalanmamasından xəbər verir. Halbuki, elə ən çox yol nəqliyyat hadisələri də məhz şəhərdaxili ictmai nəqliyyatda baş verir. Bir sıra xarici ölkələrdə isə bütün növ ictimai nəqliyyat vasitələrinin gediş haqqının tərkibində sığorta məbləği mütləq yer alır. Mütəxəssislər sığortalanma siyasətinin gediş haqlarını artıracağını iddia edirlər.

Sığorta məsələləri üzrə ekspert Mustafa Abbasbəyli bildirdi ki, "İcbari sığorta haqqında" qanunun tərkibində sərnişinlərin icbari sığortası öz yerini tutub: "Həmin qanuna əsasən, Azərbaycan ərazisində ictimai nəqliyyatdan istifadə edən bütün sərnişinlər avtomatik olaraq sığorta olunmalıdırlar. Bu, həm təyyarələrə, həm qatarlara, həm də avtobuslara aiddir. Qanuna görə, biletin dəyərindən sığorta şirkətlərinə sığorta haqqı ödənilməldir. Sığortanın həcmi isə biletin dəyərinin 5%-i qədərdir. Amma ödənilməsi, sığortalanması barədə fikir bildirə bilmərəm. Bu qanundan əvvəl "İcbari sərnişin sığotası" haqqında ayrıca qanun var idi. O qanunun dövründə istənilən hadisələrdə sığorta ödənişləri həyata keçirilirdi. Amma hazırda yeni qanundan sonra onu hansı sığorta şirkətini həyata keçirib-keçirmədiyi barədə dəqiq fikir bldirmək çətindir".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, nəqliyyatdan istifadə zamanı sərnişinlərin sığortalanması vacibdir: "Çünki, nəqliyyat hadisələrin daha çox müşahidə olunduğu sektordur. Qəza baş verərsə, məhz sərnişinlərə ödənişlərin həyata keçirilməsinə nail olmaq vacibdir. Ancaq bu praktikanın tətbiq edilməsi heç də asan məsələ deyil. Reallıq ondan ibarətdir ki, bu praktikanın tətbiqi müəyyən zaman tələb edəcək. Qısa zamanda və mövcud şərtlər daxilində bunun tətbiqi mümkün görünmür. Ona görə mümkün deyil ki, ictimai nəqliyyatda sığortanın tətbiq edilməsi gediş haqqının artmasına gətirib çıxara bilər. Amma indiki qiymətlərlə ictimai nəqliyyatda sığortanın tətbiq edilməsi mümkün deyil. Nəzərə alsaq ki, bir sərnişinin daşınma xərci minimum 20 qəpikdir. Bu isə o deməkdir ki, 20 qəpik gediş haqqına daşınan sərnişinin sığorta xərci də daxil edilərsə, qiymətin artması müşahidə olunacaq. Bu zaman sərnişindaşımada fərqli qiymətin tətbiq edilməsinə ehtiyac yaranacaq. Ona görə də indiki qiymətlərlə sığortanın tətbiqi mümkün deyil. Sığorta xərci daxil edildikdən sonra qiymətlərin artması vətəndaşlar arasında narahatçılıq yarada bilər. Çünki, mövcud qiymətlər hətta sərnişinlərin mövcud daşıma xərclərini belə ödəmir. Belə olduğu halda həmin xərclərin üzərinə başqa xərclərin əlavə olunması praktiki olaraq imkan vermir ki, sərnişindaşımada bu gün sığorta sistemini tətbiq edilə bilinsin. Gələcəkdə əhalinin gəlirlərini daha yüksək templə artması müşahidə edilən zaman artıq ictimai nəqliyyata sığortanın tətbiqi mümkün olacaq".