XİN-dən sərt açıqlama
19 İyul 2014 21:14 (UTC+04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri
Elman Abdullayev Böyük Britaniyanın Avropa işləri üzrə naziri David
Lidinqtonun Həsən Hüseynli ilə bağlı bəyanatına cavab verib.
Movqe.az xəbər verir ki , XİN-in mətbuat xidmətindən verilən
məlumata görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Böyük Britaniyanın Avropa işləri üzrə naziri David Lidinqtonun
açıqlamasını qətiyyətlə rədd edir və cavab olaraq bildirir ki,
Azərbaycanda heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib
və ya mühakimə olunmur:
"Britaniyalı nazirin öz məsuliyyətsiz mülahizələri ilə Azərbaycan
məhkəmə instansiyalarına təzyiq etməsi cəhdi onun və təmsil etdiyi
Britaniya hökumətinin qanun aliliyinə olan münasibətin
göstəricisidir. Qanunun aliliyinin tam təmin olunduğu ölkə kimi
Azərbaycanda hər hansı siyasi fəaliyyət heç kimi qanun qarşısında
məsuliyyətdən azad etmir.
Avropa məsələləri üzrə nazirin hazırda Avropanın qarşılaşdığı real
problemləri kənarda qoyub, cinayət əməli məhkəmə qaydasında sübuta
yetirilmiş şəxsdən bəhs etməsi Azərbaycana təzyiq etmək üçün bəhanə
kimi qiymətləndirilir və təbii ki, bu cür cəhdlər uğursuzluğa
məhkumdur.
Ermənistan təcavüzü nəticəsində Azərbaycanda qaçqın və məcburi
köçkünə çevrilmiş 1 milyonadək şəxsin məruz qaldığı kəskin
məhrumiyyətlərə göz yumaraq, özünü Avropada insan hüquqlarının
carçısı kimi qələmə verməyə çalışan nazirin bu bəyanatı siyasi
ikiüzlülükdən başqa bir şey deyildir. Lidinqtonun sonuncu dəfə nə
zaman Azərbaycan xalqının bu ağrılı məsələlərinə toxunduğunu
xatırlamaq belə mümkün deyil.
Xarici İşlər Nazirliyi Britaniya Hökumətini Azərbaycanın daxili
işlərinə yersiz müdaxilələrdən çəkinməyə və öz vaxtını və
resurslarını öz ölkəsində insan hüquqlarının ümumi vəziyyətinin
yaxşılaşdırılmasına həsr etməyə çağırır. Hesab edirik ki, nazir
Lidinqton beynəlxalq təşkilatların Böyük Britaniyada çoxsaylı insan
hüquqları pozuntuları ilə bağlı tənqidlərini qəbul edərək,
ölkəsinin bu sahədəki problemlərinin həllinə öz töhfəsini versə
daha faydalı olardı. Britaniyalı nazirə xatırlatmaq istərdik ki,
onun demokratik dəyərlərlə manipulyasiya edən hökuməti dəfələrlə
ölkədə azad məhkəmələrin fəaliyyəti üçün şəraitin yaradılmamasına,
işgəncələr və alçaldıcı rəftara, qanunverici orqanlarda
müstəqilliyin və şəffaflığın təmin olunmamasına, xüsusi xidmət
orqanları tərəfindən kütləvi şəkildə vətəndaşların internet
fəaliyyətinin izlənməsi və telefon danışıqlarının dinlənməsi, ifadə
azadlığının pozulması, şəxsi həyatın toxunulmazlığının pozulması ,
quldarlıq, irqi ayrıseçkilik, immiqrasiya qanunvericiliyi
çərçivəsində insan hüquqlarının pozulması və digər insan
hüquqlarını məhdudlaşdıran əməllərə görə dəfələrlə tənqid olunub".