Romada Azərbaycanla bağlı konfrans keçirilib
21 İyul 2014 00:01 (UTC+04:00)
Romada İtaliya–Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) ikiillik
fəaliyyəti ilə əlaqədar "Azərbaycan diqqət mərkəzində: TAP boru
kəməri - ilk Avropa Oyunları 2015" mövzusunda konfrans
keçirilib.
Movqe.az AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycanın
İtaliyadakı səfirliyinin və İTAZERCOM-un təşkilatçılığı ilə
keçirilən tədbirdə çıxış edən səfir Vaqif Sadıqov iki il ərzində
qurumun gördüyü işlərdən danışıb. Bildirib ki, İTAZERCOM Azərbaycan
ilə İtaliya arasındakı əlaqələrin inkişafı istiqamətində uğurla
fəaliyyət göstərir.
Prezident İlham Əliyevin iyulun 13-dən 15-dək İtaliyaya rəsmi
səfərini xatırladan səfir vurğulayıb ki, səfər çərçivəsində bu
ölkənin dövlət, hökumət və parlament rəhbərləri ilə bir sıra
görüşlər keçirilib, mühüm sənədlər imzalanıb. Səfər zamanı qəbul
olunmuş İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamə əlaqələrimizin uzunmüddətli inkişafı üçün
xüsusi əhəmiyyət kəsb edir. Şübhəsiz, bütün bunların əməli nəticəsi
olaraq ölkələrimiz arasındakı münasibətlər yeni mərhələyə qədəm
qoyub.
Azərbaycan-İtaliya əlaqələrinə toxunan V.Sadıqov diqqətə çatdırıb
ki, İtaliya ölkəmizin önəmli ticarət tərəfdaşıdır. 2019-cu ildə
başa çatdırılması nəzərdə tutulan Trans-Adriatik boru kəməri
layihəsinin reallaşması ilə enerji sahəsində yüksək səviyyədə olan
əlaqələrimiz daha da genişlənəcək. Bu layihə Azərbaycanı Avropanı
qazla təmin edən əsas ölkələrdən birinə çevirəcək.
Səfir vurğulayıb ki, hazırda bir çox İtaliya şirkətləri
Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərməkdə
maraqlıdırlar.
V.Sadıqov 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin bu gün
beynəlxalq arenada özünəməxsus yeri olduğunu bildirib. Qeyd edib
ki, ölkəmizdə demokratik inkişaf, qanunun aliliyi, insan haqlarının
müdafiəsi kimi sahələrdə böyük irəliləyişlərə nail olunub.
Ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə toxunan səfir 20 ildən artıqdır ki,
ərazilərimizin 20 faizinin Ermənistanın işğalı altından olduğunu,
bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün halında
yaşadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İTAZERCOM-un prezidenti Manuela Traldi çıxış edərək rəhbərlik
etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, bu qurum
Azərbaycan-İtaliya əlaqələrinin möhkəmləndirilməsi kimi önəmli bir
missiya üçün fəaliyyət göstərir. İki ölkə arasında mövcud yüksək
səviyyəli münasibətlər TAP layihəsinin reallaşması ilə daha da
genişlənməkdədir. İtaliya şirkətləri Azərbaycan bazarında daha çox
təmsil olunmağa maraq göstərirlər. Bu baxımdan İTAZERCOM tərəfindən
təşkil olunan ticarət missiyaları xüsusi əhəmiyyət kəsb edir. Bu
cür missiyaların gələcəkdə daha tez-tez təşkil olunması
planlaşdırılır.
M.Traldinin qeyd edib ki, İTAZERCOM-un Bakı nümayəndəliyinin
açılması nəzərdə tutulur. Bu, qurumun
fəaliyyət dairəsinin genişlənməsi baxımından önəmlidir.
Tədbirdə, həmçinin italiyalı professor Françesko Kossunun müəllifi
olduğu "Azərbaycan: hüquqi və iqtisadi araşdırma, investisiya
qoyuluşu və inkişaf üçün imkanlar" kitabının təqdimatı olub.
Müəllif Azərbaycanda biznesin qurulması ilə bağlı kitabının
üzərində 2013-cü ilin dekabrında işin yekunlaşdırılması və
yeniləşmiş məlumatların əldə edilməsi məqsədilə ölkəmizdə səfərdə
olduğunu bildirib. Azərbaycanda olduğu müddətdə bir çox
yeniliklərin şahidi olduğunu deyən F.Kossu xüsusilə "ASAN xidmət"in
fəaliyyətinin onda böyük maraq oyatdığını deyib. O vurğulayıb ki,
belə bir təcrübənin İtaliyada da tətbiq olunması müvafiq sahədə
daha səmərəli fəaliyyət göstərilməsinə imkan yaradar.
Nəşr haqqında məlumat verən Françesko Kossu qeyd edib ki,
Azərbaycanda fəaliyyət göstərmək niyyətində olan italiyalı iş
adamlarının, işgüzar dairələrin ölkəmizin biznes və investisiya
mühitinə artan marağını və tələbatını ödəmək məqsədilə belə bir
araşdırmanın aparılması zərurəti yarandı. Kitab Azərbaycanda biznes
və investisiya mühiti, biznesin qurulmasının hüquqi çərçivələri və
işgüzar imkanlar kimi vacib mövzuları əhatə edir. Nəşrdə, həmçinin
Azərbaycan iqtisadiyyatına ümumi baxış, İtaliya ilə iqtisadi
əməkdaşlıq, ölkəmizdə şirkətlərlə və onların qeydiyyatı ilə bağlı
hüquqi qayda və proseduralar, investisiyalar və onların qorunmasına
dair hüquqi tənzimləmələr, vergi sistemi, iki ölkə arasında
investisiya və vergi sazişləri ilə əlaqədar məsələlər təhlil
olunub.
Tədbirdə çıxış edən digər məruzəçilər də İTAZERCOM-un fəaliyyətini
yüksək qiymətləndirərək belə bir qurumun təsis olunmasının iki ölkə
arasındakı əlaqələrə mühüm töhfəsini vurğulayıblar. Qeyd ediblər
ki, təşkilat fəaliyyəti ilə hər iki ölkədə iqtisadi və ticarət,
maliyyə və biznes sahələrində hazırkı durumu öyrənmək və bugünkü
reallığa uyğun iş qurmaq, investisiya yatırmaq istiqamətində həm
azərbaycanlı, həm də italiyalı iş adamlarına da böyük yardım
göstərir.
Daha sonra "Bakı Avropa Oyunları-2015" haqqında videoçarx nümayiş
olunub.
Sonda İTAZERCOM-a yeni üzv olunanlara sertifikatlar təqdim edilib.