Girov qohumları aksiya keçirdi (FOTO)
22 İyul 2014 18:20 (UTC+04:00)
Girov götürülmüş Şahbaz Quliyevin qohumları və
30-a yaxın həmkəndlisi bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin
(BQXK) Bərdə ofisinin qarşısına
toplaşıblar. ANS PRESS-in bölgə
müxbirinin verdiyi məlumata görə, əllərində Şahbazın şəklini tutmuş
yaxınları 10 gündən artıqdır ki, Kəlbəcərdə girov götürülmüş
azərbaycanlıların taleyi barədə məlumat almaq istədiklərini
deyiblər. Şahbaz Quliyevin qohumları BQXK-dən girovlar barədə media
nümayəndələrinin önündə açıqlama verməsini tələb
ediblər.
Şahbaz Quliyevin həmkəndlisi Elşad Hüseynov bir
cavab almayana qədər heç yerə getməyəcəklərini bəyan edib:
"Azərbaycan torpağında girov tuturlar. Komitə də bizimlə görüşmür?
Deyir çəkilişi yığışdır qəbul edim. Gecə də olsa oturub qapının
ağzında gözləyəcəyik".
Şahbaz Quliyevin ailəsi BQXK-ni fəaliyətsizlikdə
günahlandırıb. Şahbaz Quliyevin əmisi
oğlu Natiq Quliyev BQXK tərəfindən onlara heç bir rəsmi məlumat
verilmədiyini söyləyib:"Bu nə dərəcədə
düzgündür? Mən Qızıl Xaçın burdakı işini qiymətləndirmək də
istəmirəm, onlardan razı da deyiləm. Erməninin bir əsiri burda olan
kimi həmin an məlumat ötürürlər, hər şey qaydasına düşür. Amma
Şahbaz haqda heç bir məlumat bizə gəlib
çatmır".
BQXK-nin Bərdə ofisindən qapının önünə
toplaşanlara yalnız iki nəfərin qəbul ediləcəyi bildirilib. Hadisə
yerinə Bərdə rayon polis şöbəsinin əməkdaşları və icra
hakimiyyətinin nümayəndələri də gəliblər. Bərdə Rayon İcra
hakimiyətinin nümayəndələri də məlumat almaq üçün içəri keçmək
istəsələr də ofisə buraxılmayıblar. Nəhayət komitənin yerli ofisinin rəsmiləri ilə Şahbaz
Quliyevin yaxınlarından bir neçə nəfərlə ofis daxilində görüş
keçirilib. Şahbaz Quliyevin qohumu
Nizami Əhmədov qeyd edib ki, BQXK-dən onlara bildiriblər ki, bu
barədə heç bir məlumatları yoxdur: "Yəni ölüsü, qaldısı, yaralısı
heç bir məlumat yoxdur".
Komitənin Bərdə ofisindən Şahbaz Quliyevin
yaxınlarına bildiriblər ki, hələlik girovlar BQXK-nin İrəvan
ofisində qeydiyyatda deyil.