“Qarant Sığorta”nın qadın işçisini öldürən şəxs tutuldu

22 İyul 2014 18:40 (UTC+04:00)

Bakıda 31 yaşlı qadını qətlə yetirən şəxs tutulub. Bakı şəhər Prokurorluğundan anspress-ə verilən məlumata görə, paytaxtın daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonunda törədilmiş daha bir qətlin "isti izlər"lə açılması təmin edilib.


Məlumatda bildirilir ki, iyulun 11-də 1983-cü il təvəllüdlü Əliyeva Natəvan Telman qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.


Həmin faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, N. Əliyevanın yaşadığı mənzildə hadisədən əvvəl mebel quraşdırmış Quba rayon sakini, 1988-ci il təvəllüdlü Tahirov Tərlan Rahib oğlu tamah məqsədi ilə iyulun 10-da həmin mənzilə gəlib üstündə gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb. Daha sonra o, mənzildə axtarış apararaq N. Əliyevaya aid qızıl-zinət əşyalarını götürüb hadisə yerindən qaçıb.


Cinayətin T. Tahirov tərəfindən törədilməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan o, iyulun 22-də tutularaq istintaqa cəlb olunub. T. Tahirov dindirilərkən törətdiyi əməli etiraf edib.


Hazırda iş üzrə istintaq Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə davam etdirilir.


Qeyd edək ki, qətlə yetirilən N. Əliyeva "Qarant Sığorta"nın əməkdaşıdır.