Dünya siyasi, iqtisadi böhrana sürükləyəcək münaqişələr

24 İyul 2014 08:18 (UTC+04:00)

Bu gün dünyada təxminən 70-ə yaxın münaqişə ocaqlarının olduğu bildirilir. Onlar arasında hətta əsrdən çox ömrü olan münaqaşilər var. Əsas etibarı ilə, bu münaqişələrə Asiya və Afrikada təsadüf olunur. Fikirlər səslənir ki, bütün bu münaqişə ocaqları artıq bütün dünya üçün çox ciddi siyasi və iqtisadi böhranlar mənbəyidir.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı bildirir ki, dünyanın xəritəsinə nəzər yetirdikdə müxtəlif coğrafiyalarda silahlı münaqişələrin yaşandığı və ya həmin münaqişələrin müəyyən səbəblərlə aktiv fazadan passiv fazaya keçdiyini müşahidə edə bilərik: "Bu, o demək deyil ki, passiv fazaya girən konfliklərdə silahlı münaqişələr yenidən yaşanmayacaq. Dondurulmuş münaqişələrin hər an yenidən silahlı mübarizə müstəvisinə keçmə ehtimalı olduqca yüksəkdir. Ancaq bu münaqişələrin əksəriyyəti ABŞ və Avropadan kənar bölgələrdə yaşanır. Avropada etnik münaqişənin ən sonuncusu 1990-cı ildən sonra Yuqoslaviyada yaşandı. Avropa öz daxilində bir şəkildə Yuqoslaviya problemini həll edərək köhnə Avropa qitəsində sabitliyi bərpa edə bildi. Yuqoslavayidakı silahlı münaqişədən sonra bunu dondurulmuş münaqişələr sırasından kənarlaşdırmaq mümkündür. Bu qarşıdurma Avropanın təhlükəsizliyini təhdid etdiyi üçün Avropa bunu öz maraq çərçivəsində həll etdi. Ancaq silahlı münaqişələrin əsasən Asiya qitəsində yaşandığını görürük. Bu münaqişələrin total müharibəyə çevrilmə ehtimalı azdır. Ukrayna-Rusiya arasındakı silahlı qarşıdırma istisna olmaqla, digərlərinin total münaqişəyə keçmə ehtimalı olduqca zəifdir. Çünki, Ukraynada birbaşa Rusiyanın, Qərbin və ABŞ-ın maraqları toqquşur. Bu isə çox təhlükəli ssenaridir. Hələlik hər nə qədər total müharibə müstəvisinə keçməsə də, bunun olma ehtimalı var. Digər münaqişələr isə lokal xarakter daşıyır. Daha çox bölgə təhlükəsizliyini təhdid edir".

Politoloq dondurulmuş münaqişələrin yenidən silahlı münaqişəyə çevrilməsinin dünya iqtisadiyyatında hansı problemlər yaşadacağına gəldikdə hesab edir ki, heç də ciddi təsiri olmayacaq: "Ancaq bölgə çərçivəsində müəyyən iqtisadi problemlər çıxara bilər. Dünya iqtisadiyyatı qarşısında ciddi problem çıxarma ehtimalı olduqca zəifdir. Ümumiyyətlə, müharibələrin hamısı sosial, iqtisadi, siyasi və digər problemlər müstəvisində inkişaf edir. Amma silahlı qarşıdurmalar nə cürsə başa çatdıqdan sonra problemdə tərəf olan dövlətlərin iqtisadiyyatında yeni canlanma əmələ gəlir. Bunu "İkinci düyna müharibəsi"ndən sonrakı illərə baxdıqda görmək mümkündür. Hər nə qədər dondurulmuş münaqişələr olsa da, bunların yenidən alovlanlanması dünya iqtisadiyyatı qarşında ciddi problemlərin yaşanmasına səbəb ola bilməz. Tam əksi, müasir silah istehsal edən dövlətlərin iqtisadiyyatı üçün olduqca ciddi fürsətdir. Silah ticarətini genişlənməsi baxımından onların iqtisadiyyatına müsbət təsir göstərəcək. Dünya gücləri sadəcə, silah ticarətində udmurlar. Dövlətlərə siyasi təsir göstərmək, o dövlətlərin sahib olduğu təbii sərvətlər üzərində hökmranlıq etmək, onu ələ keçirmək kimi nüanslar yaşanır. Belə ki, bunun ən bariz nümunəsini son 50 ildə Yaxın Şərqdə yaşanan problemlərin mahiyyətində görə bilərik. Amma problemdə tərəf olan və ya bir qrup dövlətlərin iqtisadiyyatı üçün belə hadisələr problem yaşadır. Eyni zamanda problemin başa çatmasından sonra tərəf olmuş dövlətlərin də iqtisaddiyatında ciddi dinamizmin yaşanma ehtimalı böyükdür".