700 bal toplayan Könül Qurbanlı: "Ən böyük arzum 700 bal toplamaq idi"

24 İyul 2014 19:00 (UTC+04:00)

Artıq bir neçə gündür ki, onun adı televiziyalardan eşidilir, qəzetlərin səhifələrindən, internet medianın manşetindən düşmür. Uğuru barədə mətbuatda məlumat getsə də, balaca canı ilə böyük hünər göstərən bu qızı daha da yaxından tanımaq, oxucularıma tanıtmaq barədə fikirləşirdim ki, "Parlament Jurnalistlər Birliyi"nin  sosial şəbəkədə yayımladığı bir elana rast gəldim. "Saat 2-də bu ilki qəbul imtahanlarında yüksək nəticə göstərən, 700 bal toplayan abituriyentlərlə millət vəkillərinin görüşü olacaq". 

Tədbirin vaxtına az qalsa da, bu fürsəti əldən vermək, onunla  görüşüb müsahibə götürmək istəyən jurnalistin bacarıqsızlığı olar deyib tez-tələsik yola düzəldim. Tədbirə bir az geciksəm də, I ixtisas qrupu üzrə 700 bal toplayan Qurbanlı Könül Yusif qızı ilə müsahibəm baş tutdu. 

-Könül sənin barədə bəzi məlumatlar artıq ictimaiyyətə bəllidir. Bakı şəhəri, "Zəngi" liseyininin məzunusan. I ixtisas qrupu üzrə 700 bal toplamısan. Gəl səninlə uğurun sirrindən danışaq.

-Danışaq.

-Necə oldu ki, bu uğura imza atdın?

-Mən orta məktəbdə əlaçı olmuşam. Əlbəttə ki, öz oxuduğum məktəbdə müəllimlərin böyük rolu oldu. Amma "Araz" kurslarına da hazırlığa getmişəm.

- Könül maraqlıdır, imtahan verərkən 700 bal toplamağı qarşına məqsəd qoymuşdunmu?

-Aşağı siniflərdən müəllimlərim, evdə valideynlərim deyirdi ki, sən ali məktəbə imtahan zamanı 700 bal toplayacaqsan. Yəni bir növ məni buna inandırmışdılar. Əlbəttə, mən də fikirləşirdim ki, niyə də olmasın. Elə 700 bal toplamağı qarşıma məqsəd qoyaraq arzuma da çatdım.  

-Buna görə səni təbrik edirəm.  Bu xəbəri eşidən an hansı hissləri yaşadın?

-Sevincimin həddi-hüdudu yox idi. Elə bircə o yadımdadır ki, ura deyərək qışqırdım. 

-Bəs əvvəldən, elə uşaqlıqdan  hansı peşəni seçəcəyini 

müəyyənləşdirmişdinmi?

-Hə, amma həmin peşənin ardınca getmədim. Mən uşaqlıqda həkim olmağı düşünürdüm. Amma böyüdükcə bu peşə sahibi olmağın mənim xarakterimlə uymadığını gördüm. Gördüm ki,məndə o potensial yoxdur, soyuqqanlı ola bilmərəm. Və müdəndis olmağa qərar verdim.

-Maraqlıdır, niyə bəs mühəndis? Ailənizdə bu peşənin sahibi varmı?

-(Gülür)Elə anam mühəndisdir. Amma çox təəssüf ki, işləmir.

-Bəs niyə, atan razı olmur?

-Hə, atam hərbiçidir. O, razı olmayıb işləməyinə.

- Könül  xaricdə təhsil almaq, xaricdə işləmək kimi fikrin varmı?

-Mən ali təhsili ölkəmizdə alıb magistraturanı xaricdə oxumağı planlaşdırıram. Hətta öz sahəm üzrə Azərbaycanı xaricdə layiqincə təmsil etmək kimi böyük bir arzum var.

-Sözün açığı sənin bu uğuruna çox sevindim. Qızların belə bir uğura imza atması cəmiyyətimizə həm də bir örnəkdir. Adətən qız uşaqları ev işlərində anasına daha çox yardım edir. Sən necə, ali məktəbə hazırlaşarkən evdə də işlərə kömək edirdinmi?

-Demək olar ki, yox. Valideynlərim, xüsusilə anam bu məsələdə mənə daha çox dəstək olub. Anam bütün ev işlərini özü görməyə razı idi, bir şərtlə ki, mən oxuyum. Mənim işim kitab oxumaq idi.

-Belə başa düşdüm ki, evdə sənin oxumağın üçün hər bir şəraiti yaradıblar.

-Elədir amma…

-Nə amma? Gəl səmimi danışaq.

-Valideynlərim mənim təhsil almağım üçün çox əziyyət çəkiblər. Deyərdim ki, çox şeydən özlərini məhrum ediblər. Sözün açığı elə vaxt olub evimizdə mən dərs oxuduğuma görə, televiziyada xəbərlərə belə baxa bilməyiblər ki, səs olmasın mən oxuyum. 

-Sən öz otağında hazırlaşmırdın ki, dərslərinə?

-Yox bizim özümüzün evimiz yoxdur. Hərbiçi ailəsi olsaq da illərdir kirayədə yaşayırıq. Mən dərslərimi adətən evdəkilərə mane olmamaq üçün mətbəxdə oxuyurdum. 

-Könül atan neçə ildir ki, hərbiçidir?

-22 ildir. Biz əslində ev növbəsindəyik. Amma hələki ev verilməyib.

-Maraqlıdır, Könülün ən böyük arzusu nədir?

-Öz evimizdən universitetə getmək. Orta məktəbi kirayədə qala-qala oxudum. Əlbəttə bu ailəm üçün çox çətindir. İstəyirəm öz evimiz olsun. Öz evimizdən universitetə gedim-gəlim.

-Könül ilk təqaüdündən özünə nə alacaqsan?

-İlk təqaüdümdən anama "Quran" alacam.

- Eşitdiyimizə görə, liseydə ən yaxşı oxuyan şagirdlərdən olmusan. Hətta olimpiyadaların da dəfələrlə qalibi olmusan.  Bəs həmin liseydə ən sevdiyim müəllim kim idi?

-Bütün müəllimlərimi çox sevirəm. Bu uğuruma görə onların hər birininə borcluyam. Amma öz sinif müəllimim olan riyaziyyat müəllimi  Rövşən müəllimə özümü daha çox borclu sayıram. Onun böyük əməyi var üzərimdə.

-Bayaqdan sənə fikir verirəm. Müasir gənc qızlardan fərqli olaraq mobil telefonun, geyim üslübunla onlardan fərqlənirsən.

-Mənə mobil telefonu 15 yaşımdan sonar alıblar. Dəblə də geyinməmişəm heç vaxt.

-Rəfiqələrin varmı? Onlarla necə vaxt keçirirsən?

-Var, amma onlarla tez-tez gəzib-dolaşmıram. Çünki ancaq dərslərimə vaxt çatdırırdım.

-Onların arasında yüksək nəticə göstərənlər oldumu?

-Hə, oldu rəfiqələrimi də burdan təbrik edirəm.

-Son sualımı da verim. Könül ailə qurmağı nə vatxa planlaşdırır?

-Bu haqda ən sonda, təhsilimi, magistraturanı da başa vurandan sonra fikirləşəcəm.