Tale Heydərovdan çağırış
8 Aprel 2012 10:55 (UTC+04:00)
Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) təsisçisi və sədri Tale
Heydərov "Mən gənc səfirəm" ASAİF Budapeşt Forumunda keçirilən
"Xaricdə təhsil alan Azərbaycanlı Gənclərin təşkilatlanma, diaspora
və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və
perspektivlər" panelində çıxış edib.
APA-nın məlumatına görə,
azərbaycanlıların xaricdə təhsil almasının tarixi barədə danışan T.
Heydərov bildirib ki, Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı
Dövlət Universitetinin 1919-cu ildə yaranmasına qədər Azərbaycanın
bir çox ziyalıları məhz xaricdə təhsil almışdılar. Bunların
sırasında Həsən bəy Zərdabi, Fətəli Xan Xoyski, Nəcəf bəy Vəzirovun
və başqalarının adını çəkən AAC sədrinin sözlərinə görə, Azərbaycan
1918-ci ildə müstəqillik əldə edəndən sonra ali təhsil
mütəxəssislərinə ehtiyac özünü daha aydın göstərməyə başlayıb:
"Azərbaycan Maarif Nazirliyi bu işi görmək üçün 7 milyon manat
vəsait ayırmış, həmin vəsait hesabına Rusiya, Fransa, Türkiyədə
tələbələrin oxuması, İngiltərə, Fransa, İtaliya və Türkiyəyə tələbə
göndərilməsi ilə bağlı rəsmi qərar qəbul olunmuşdu".
T. Heydərov çıxışında tarixi təcrübənin öyrənilməsinə diqqət
yetirməyinin zəruriliyini qeyd edib: "Azərbaycanın xaricdə təhsillə
bağlı tarixi tələbə hərəkatını öyrənməyə ehtiyac var. Vaxtilə
Avropanın müxtəlif ali təhsil məktəblərində təhsil almış şəxslərin
fəaliyyəti tədqiq olunmalıdır. Bu, eyni zamanda Avropa təhsil
sistemində inteqrasiyanın əsasını qoymuş həmin şəxslərin ruhuna
hörmət, nəsillər arasında mühüm körpü yaratmış olar. Məlumat üçün
bildirmək istəyirəm ki, hazırda Avropa-Azərbaycan Cəmiyyəti
Azərbaycan Demokratik Respublikası tərəfindən xaricdə təhsil almağa
göndərilmiş tələbələr haqqında "100 tələbə" adlı layihə üzərində
çalışır, ayrı-ayrı Avropa dövlətlərində bu istiqamətində
araşdırmalar aparılır. Layihənin reallaşması nəticəsində sənədli
film hazırlanacaq və sənədlər toplu nəşr olunacaq".
Daha sonra Tale Heydərov xaricdə təhsil alan azərbaycanlı gənclərin
təşkilatlanması, diaspora və lobbiçilik fəaliyyətinin müasir
nəzəriyyəsindən bəhs edib, bildirib ki, azərbaycanlı gənclərin
xaricdə təhsilinin xüsusiyyətinin müəyyənləşdirilməsi zəruridir:
"Hamıya məlum olduğu kimi, xarici təhsilin strategiyası, onun
təşkili, həyata keçirilməsi və idarə olunması, məzunların işlə
təmin edilməsi və s. tədbirlər dövlət proqramı səviyyəsində
tənzimlənir. Belə bir vəziyyət azərbaycanlı gənclərin xaricdə
təhsili tarixində keyfiyyətcə yeni bir dövrdür".
AAC sədri xaricdə təhsil alan tələbələrin təşkilatlanması və
diaspora işi ilə məşğul olması barədə də danışıb: "Diaspora
fəaliyyətinin əsas xüsusiyyəti ondan ibarətdir ki, xaricdə olan
azərbaycanlıları vahid platformada birləşdirsin. Bu platformanın
əsasında isə azərbaycançılıq ideologiyası durur. Avropanın müxtəlif
ölkələrində təhsil alan azərbaycanlı gənclərin tam coğrafiyasının
müəyyənləşdirilməsinə ehtiyac var. Hər bir ölkədə azərbaycanlıların
təhsil aldıqları universitetlərdə Azərbaycan təşkilatlarının
yaradılması, ölkələr üzrə təşkilatların formalaşdırılması və bu
təşkilatların demokratik, müstəqil və yaradıcı fəaliyyətinin təşkil
olunması çox vacibdir. Bu proses həmin təşkilatların fəaliyyət
göstərdiyi ölkədə Azərbaycanın tanıdılması və lobbi qrupların
yaradılması istiqamətində fəaliyyətin effektivliyinə birbaşa təsir
edir. Fikrimcə, gəncliyin spesifikasını, onun daim inkişafda,
yeniliklərə açıq olduğu tələbə kontingentinin dəyişkənliyini və
digər şərtləri nəzərə alaraq, ciddi mərkəzləşdirməyə üstünlük
verməmək daha məqsədəuyğun olar. Yüksək standartlarla birgə
azərbaycanlı gənclərin xarakterinə cavab verən təşkilatlar diaspora
və lobbiçilik fəaliyyətinin uğurunun başlıca amilidir".
T. Heydərov AAC-nin bu sahədəki təcrübəsindən də söz açıb. Deyib
ki, AAC Londonda təsis edilən müstəqil qeyri-hökumət təşkilatıdır
və əsas məqsədi Azərbaycanın Avropada tanıdılmasına, ümummilli
problemlərin dünyaya çatdırılması və həllində Avropa İttifaqı
ölkələrinin dəstəyini almaqdır. O, AAC-ın Almaniya, Belçika, Fransa
və digər ölkələrdə Azərbaycanın tarixinə, mədəniyyətinə, Dağlıq
Qarabağ münaqişəsinə dair hərtərəfli akademik yanaşmaya
əsaslandıran məlumatlanma işləri apardığını deyib:
"Avropa-Azərbaycan Cəmiyyəti fəaliyyətinin bütün istiqamətlər, o
cümlədən diaspora fəaliyyətinə dair hüquqi mütəxəssislər tərəfindən
hazırlanmış xüsusi konsepsiyalara malikdir. Bu da bizim işimizi ən
müasir tələblər səviyyəsində qurmağa imkan verir. Cəmiyyətin
konsepsiyasında xaricdə təhsil alan tələbələrə də xüsusi yer
ayrılıb".
O, Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsinin,
qurultayda milli sənədlərin qəbul edilməsinin diaspora
fəaliyyətində irəliləyişə səbəb olduğunu qeyd edib: "Təəssüf ki, bu
fikri lobbiçilik haqqında söyləmək mümkün deyil. Avropa-Azərbaycan
Cəmiyyəti bunu nəzərə alaraq, lobbiçilik sahəsində də ümummilli
fəaliyyət istiqamətlərini hazırlayıb və bu istiqamətdə iş üzrə
təcrübə toplayıb. Çox gərgin fəaliyyət nəticəsində hazırda Böyük
Britaniya, Almaniya, Belçika, Fransa və digər ölkələrin
parlamentləri, nüfuzlu siyasi partiyaları, elm və mədəniyyət
xadimləri ilə hərtərəfli əlaqələr qurulub".
Əsas lobbiçilik fəaliyyətlərinin Avropa ölkələrində Azərbaycanın
mənafeyini müdafiə edən müxtəlif qrupların yaradılmasından ibarət
olduğunu qeyd edən T. Heydərov həmin qrupları geniş materiallarla
tanış etdiklərini, Azərbaycanla əlaqələndirdiklərini söyləyib:
"Lobbi quruculuğu zamanı xüsusi diqqət yetirdiyimiz bir məsələ
üzərində də dayanmaq istəyirəm. Bu da anti-Azərbaycan qüvvələrinin
genişlənən lobbiçilik fəaliyyətimizdən narahat olaraq bizə qarşı
apardığı əks təbliğatın nəzərə alınması ilə bağlıdır. Bu cür
qüvvələr Azərbaycanın artan nüfuzundan qorxaraq, ölkəmizi
dəstəkləyən lobbi qruplarına qarşı sözün əsl mənasında media
müharibəsi təşkil edir, onları gözdən salmağa çalışırlar. Belə bir
təbliğata hazır olmaq və lobbi qrupumuzun müdafiəsi də bizim əsas
vəzifələrimizdən biridir. Düşünürəm ki, lobbiçilik fəaliyyəti
zamanı daha çox professionallıq və təcrübəyə ehtiyac var. Bu sahədə
diletantlıq əksər vaxtda əks nəticələr verir, hətta ölkənin
nüfuzdan düşməsinə gətirib çıxarır. Qeyd edə bilərəm ki,
Avropa-Azərbaycan Cəmiyyətinin Avropanın yuxarıda adları çəkilən
nüfuzlu dövlətlərində lobbi quruculuğu sahəsində hərtərəfli
təcrübəyə malik olan strukturları var. Xaricdə təhsil alan
azərbaycanlı gənclərin də bu sıraya gətirilməsi vacibdir.
Azərbaycanlı gənclər daha aktiv şəkildə lobbiçilik fəaliyyətinə
cəlb olunsalar, daha yaxşı olar".
T. Heydərov Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünyaya
çatdırılmasında xaricdə təhsil alan tələbələrin çox böyük
imkanlarının olduğunu da vurğulayıb: "Xaricdə təhsil alan
tələbələr, onların ayrı-ayrı təşkilatlarının vahid strategiyası
yaradılmalıdır. Bundan başqa, xarici auditoriya üçün yüksək
peşəkarlıqla kitabların, filmlərin, digər layihələrin
hazırlanmasına ehtiyac var. Həmin layihələr hazırlandıqdan sonra
isə xaricdə təhsil alan tələbələr təhsil aldıqları universitetlərdə
təqdimatlar keçirsin, müxtəlif akademik dairələrə bununla bağlı
məlumatlar versinlər. Bu bizim lobbiçilik şəbəkəsinin
genişlənməsinə yeni imkanlar yarada bilər".
T. Heydərov bildirib ki, AAC bu sahədə əməkdaşlığa hər zaman
hazırdır. O, AAC tərəfindən Böyük Britaniya və Rusiyada nəşr
edilmiş "Qafqazda erməni məsələsi: Rusiya arxiv sənədləri və
nəşrləri üzrə" kitabının, Məmməd Səid Ordubadinin "Qanlı illər"
əsərinin, o cümlədən Azərbaycan haqqında xarici studiyalarda birgə
hazırlanmış müxtəlif sənədli filmlərin təqdimatının keçirilməsini
münasib hesab etdiklərini bildirib.
T. Heydərov lobbi quruculuğu zamanı bu və ya digər ölkədə gənc və
perspektivli siyasi qüvvələr, elmi mədəni dairələrlə işə xüsusi
diqqət yetirməyin zəruriliyini də qeyd edib: "Biz həmin qüvvələri
tapmağa, onlarla əməkdaşlığa çalışır, xaricdə təhsil alan
tələbələri bu sahədə əməkdaşlığa dəvət edirik".