"Mətbuat Şurası abituriyentlərin jurnalistika üzrə
qabiliyyət testində iştirakını stimullaşdırmaq üçün Ali Təhsil
Təqaüdü təsis edib. Təqaüd 500 bal həddini keçərək qabiliyyət
imtahanında iştirakını təsdiqləmiş və sonrakı mərhələdə tələbə
adını qazanmış ilk 10 abituriyentə veriləcək". Şuradan Movqe.az-a
verilən məlumata görə, bunu Azərbaycan Mətbuat Şurasının və Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının tərkibində yaradılmış Qabiliyyət
imtahanı komissiyasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, jurnalistika ixtisasına qəbul olunmaq üçün
qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə imtahan verərək
müsabiqə şərtini ödəyən 441 abituriyent var. Onlar 200 bal həddini
aşıblar. Abituriyertlərdən 247-i imtahanı paytaxtda, digərləri isə
bölgələrdə verəcək. 441 nəfərin 10 faizinin topladığı bal 500-dən
yuxarıdır. Təhsil təqaüdü məhz onların sırasından fərqlənənlərə
veriləcək.
Şura sədri onu da bildirib ki, jurnalistika ixtisasını seçən abituriyentlər qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa - esse yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və rus dillərində yerinə yetirilməlidir. "Abituriyentlərin ictimai-siyasi, iqtisadi, mədəni həyata, həmçinin görkəmli şəxsiyyətlərin ömür yoluna, bəşəriyyəti narahat edən problemlərə dair məsələlər ətrafında müstəqil mühakimə yürütmək qabiliyyəti, əsaslandırmaq bacarığı yoxlanılacaq. Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə alınaraq veriləcək. Abituriyentlər inşa üçün müvafiq tələblərlə də tanış olacaqlar", - deyən Şura sədri ilk dəfə keçiriləcək qabiliyyət imtahanı üçün hazırlıq işlərinin başa çatdığını da bildirib.
Ali Təhsil Təqaüdünün məbləğinə gəlincə, Ə.Amaşov bunun ilk mərhələdə 60 manat olacağını və müvafiq təhsil şərtlərini ödəyən tələbələrə hər ay ödəniləcəyini diqqətə çatdırıb.