“Azərkosmos” yeni peyk alır
27 İyul 2014 11:00 (UTC+04:00)
İyulun 1-nə olan məlumata əsasən, "Azərspace-1" peyki üzərindən,
ümumilikdə 89 yerli və xarici ölkə televiziya, həmçinin 15 radio
kanalı yayımlanır.
Movqe.az Azertac-a istinadən xəbər verir ki , ölkədə peyk
infrastrukturunun inkişafı və müxtəlif təyinatlı peyklərin orbitə
çıxarılması məqsədilə aparılan mütəmadi işlər çərçivəsində bu ilin
mayında "Azərkosmos" ASC ilə "Airbus Defence and Space" arasında
əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İyun ayının 30-da
isə "Airbus Defence and Space" "SPOT 7" peykini Hindistandan
müvəffəqiyyətlə orbitə çıxarıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumat görə,
ilin sonunadək peyk kommersiya istismarına tam hazır vəziyyətə
gətiriləcək. Hazırda "Airbus Defence and Space" ilə imzalanacaq
"Strateji əməkdaşlığa dair" saziş üzərində son tamamlama işləri
aparılır. Sənəd "SPOT 6" və "SPOT 7" peyklərinin birgə
istifadəsindən əldə olunan gəlirlərin hər iki şirkət arasında
bölünməsi, peykin idarə edilməsi və marketinqi sahələri üzrə yerli
mütəxəssislərin hazırlanması, müasir texnologiyaların tətbiqi ilə
bağlı təcrübə mübadiləsinin aparılması və digər məsələləri əhatə
edir.
"SPOT 7" peykinin bu ilin sonunadək "Azərkosmos" ASC-nin
mülkiyyətinə keçməsi və ondan kommersiya məqsədi ilə istifadə
edilməyə başlanması nəzərdə tutulur.