Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı
28 İyul 2014 23:01 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 27-də
2014/2015-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili
əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura
səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib.
Movqe.az xəbər verir ki , Komissiyadan verilən məlumata görə,
TQDK həmçinin iyulun 26-da Azərbaycan Tibb Universitetinin Hərbi
Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının I
mərhələsini, iyulun 27-də isə II mərhələsini keçirib.
İmtahan nəticələri elə bu gün - iyulun 27-də saat 20:00-dan
etibarən Komissiyanın internet saytında yerləşdirilib.
Hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan
nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Namizədlər imtahan nəticələri barədə məlumatı mobil telefonla 7727
nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1014 nəfər
namizəddən 37 nəfəri imtahana gəlməyib. 818 namizəd müsabiqə
şərtini (50 və daha yüksək bal) ödəyərək ixtisas seçiminə
buraxılıb. Ən yüksək nəticə 91 bal olub.
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 30-dan (saat
10:00-dan) avqustun 1-dək (saat 23:59-dək) aparılacaq. Namizədlər
müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq
ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan)
ixtisasları seçib təsdiq etməlidirlər.