Yollardakı "ölüm kabusu"...

10 İyul 2012 08:38 (UTC+04:00)

Aparılan geniş təbliğata, maarifləndirmə işlərinə rəğmən, ölkədə avtomobillərin qəza törətməsi halları əmməlli-başlı artıb. Bundan başqa bildiyimiz kimi, yol-hərəkət qaydalarını pozmağa görə tətbiq edilən cərimələr yüksəlib. Sürücülər indi əvvəlki illərlə müqayisədə sözügedən pozuntu hallarına görə daha çox cərimə ödəməli olur.

Eyni zamanda az qala hər gün elektron KİV-lərdə yol hərəkəti qaydalarına riayət etməyin vacib olduğu barədə məlumatlar verilir. Yəni bu sahədə təbliğat işləri də yetərincə aparılır. Amma nədənsə, atılan addımlara, aparılan təbliğata baxmayaraq, günü-gündən nəqliyyat sferasında qəzaların sayı artır.

Sürücülər əksər hallarda maşını nəzərdə tutulmuş həddən artıq sürətlə sürür. Belə ki, Bakı şəhəri daxilində avtomobillərin maksimum həddi saatda 60, bölgələrdə isə 90 kilometr nəzərdə tutulduğu halda, bir çox hallarda sürücülər bu həddi dəfələrlə keçirlər. Digər tərəfdən sürücülərin sərxoş halda sükan arxasına keçməsi halı da geniş vüsət alıb. Hansı ki, qəzaların baş verməsinin əksəriyyəti də məhz sürət həddini aşma və sərxoş halda idarə etmə nəticəsində yaranır.

Görəsən, görülən müxtəlif tədbirlərə rəğmən yollarda qəzaların sayının kəskin artmasının səbəbləri nədir?

"Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin fikrincə, son günlər yol qəzalarının sayının artmasının kökündə sürücülərin insanlara və qanunun tələblərinə laqeyd münasibəti dayanır: "Sərnişin avtobusu sürücüsünün sərnişinə münasibətdə kobud davranışını görəndə onların insan taleyinə nə qədər laqeyd olduqlarını açıq-aydın görmək olar. Bu sürücülər sanki elə düşünür ki, avtobusda gedənlər insan deyil". Ş. Əliyev məsuliyyətsizlik amilini də qəzaların artmasının kökündə dayanan səbəblərdən biri sayır: "Elə avtobus sürücüləri var ki, sükan arxasına sürücülük vəsiqəsi olmadan əyləşir. Nədənsə sahibkarlar da bu amilə göz yumurlar. Elə qəza törədənlərin bir çoxu da sürücülük vəsiqəsi olmayanlardır. Digər tərəfdən sürücülərin məsuliyyətsiz davranmaları da qəzalara rəvac verir. İctimai rəydə belə bir fikir formalaşıb ki, yol qəzalarının sayının artması, sürücülərin bu özbaşınalığı onların məsuliyyətə cəlb olunmamasından irəli gəlir. Digər tərəfdən onlara görə marşrut sahiblərinin bəzi məmurların himayəsində olması da sürücüləri özbaşınalıqlara meylləndirir. Nəqliyyatın gur olduğu yerlərdə daha çox qəza vəziyyəti yaradanlar həqiqətən də sərnişin daşımaq funksiyasını icra edən avtobus sürücüləridir. Faktiki olaraq əsasən məhz avtobus sürücülərinin yol hərəkət qaydalarını tez-tez pozmaları, qəza vəziyyəti yaratmaları, işıqforlara məhəl qoymamaları sanki onların bir peşəsinə çevrilib. Belə halların artması onlara qarşı tətbiq olunan cəzaların daha sərt olmasını vacib edir. Tarix də göstərir ki, cəzaların sərt olması bir sıra cinayətlərin qarşısını almaqda öz pozitiv rolunu oynaya bilib. Yol hərəkəti qaydalarının tənzimlənməsi prosesində Azərbaycan ötən 20 il müddətində kifayət qədər qanunlar qəbul edib. Amma təəssüf ki, qanunların tələblərinin pozulması, laqeydlik kimi hallar hələ də mövcuddur. Ölkədə avtomobillərin sayı günü-gündən artdığı kimi, bədbəxt hadisələrin sayı da artmaqda davam edir. Belə kritik vəziyyət isə yol-hərəkəti sahəsində qaydaların daha da sərtləşdirilməsini tələb edir. Azərbaycan yeni yaranan dövlət olduğundan burada cəzaların sərt olması vacib amildir. Yalnız insanların düşüncə tərzini dəyişdirdikdən sonra yol-hərəkəti sahəsində də cəzaların yüngülləşdirilməsinə getmək olar. Ona görə də düşünürəm ki, sərxoşluğun dərəcəsindən asılı olaraq avtomobili idarə edən sürücü elə birinci dəfədən hökmən cinayət məsuliyyətinə cəlb olunmalıdır. Birinci dəfə sürət həddini aşmağa görə xəbərdarlıq alan sürücü bundan nəticə çıxarmayıb, anoloji halı təkrarlayırsa, ona münasibətdə də cinayət məsuliyyəti tətbiq oluna bilər. Bununla bir növ ortalığa cəza xofu çıxacaq və sürücülər cəzadan qaçmaq üçün daha məsuliyyətli olmağa məcbur olacaqlar".

Həmsöhbətimizin fikrincə, sürücülər tərəfindən qəza hallarının çoxalmasında sərnişinlərin də günahı az deyil: "Avtobus sürücüləri bir çox hallarda Dövlət Yol Polisinin tələblərinə də tabe olmur. Onların həmin tələblərə tabe olmamasında ictimai qınağın olmaması da rol oynayır. Belə ki, bir çox hallarda sərnişin sürücü günahkar ola-ola, polis saxlayarkən sürücününün müdafiəsinə qalxır. Sərnişinin özü də çox hallarda sürücünün maşını düzgün idarə etməməsinə, sürətli sürməsinə göz yumur. Belə vəziyyət isə istər -istəməz sürücünü daha da məsuliyyətsiz edir".

Nəqliyyat İşçiləri İctimai Birliyinin rəhbəri Natiq Ələkbərli isə düşünür ki, yollarda qəzaların sayının artması əsasən sürücü kontingentinin cavanlaşması və qeyri-peşəkar olması ilə bağlıdır: "Sürücü kontingenti çox cavanlaşıb. Onların da böyük əksəriyyəti təcrübəsizdirlər. Məhz əksər hallarda elə gənc sürücülər avtobusda tək olmadıqlarını unudurlar. İkinci tərəfdən sərnişin daşımalarına baxmayaraq, gənc sürücülər riskə meyllidirlər. Ona görə də tez-tez sürət həddini aşırlar. Nəticədə də sonda ağır qəzalar baş verir. Əslində gənc sürücülərə ilk vaxtlar avtobuslar və digər avtomobillər etibar edilməməlidir. Onlar azı üç ay ərzində daha təcrübəli sürücünün yanında "stajirovka" keçməlidir. Yalnız bundan sonra onlara avtomobilləri etibar etmək olar".