Bakıda məmur vətəndaşı döydü?
29 İyul 2014 16:01 (UTC+04:00)
Ötən gün Bakının Nəsimi rayonu ərazisində məmurun dostu ilə
birləşərək 44 yaşlı kişini döydüyü iddia edilir. Movqe.az xəbər
verir ki , bu barədə döyülən şəxsin qardaşı Səməd Museybov
məlumat verib. Onun sözlərinə görə, 44 yaşlı qardaşı Rövşən
Museybov axşam saatlarında Heydər Əliyev adına Respublika sarayının
yaxınlığında iki nəfərin hücumuna məruz qalıb. Onlardan biri İcra
Hakimiyyətinin əməkdaşı Emin Əhmədlidir.
Səməd Museybovun sözlərinə görə, qardaşı hazırda Travmotologiya
İnstitutundadır.
Məsələni araşdırmaq üçün Rövşən Museybovun özü ilə əlaqə saxladıq.
Onun verdiyi məlumata görə, hadisə axşam saat 23:00-da "Qış
bulvarı"nda çay içən zaman baş verib. Emin Əhmədli və onun yanında
olan tanımadığı biri ilə görüşüb. Görüş zamanı Eminlə aralarında
anlaşılmazlığı aydınlaşdırmaq istəyib.
Problem mənzillə bağlı olub. Belə ki, Rövşən Museybovun bankların
birinə 37 min manat borcu olub. O, krediti verə bilmədiyi üçün onun
Ayna Sultanovada mənzili müsadirə edib. Rövşən Museybovun ailəsilə
birlikdə mənzildən çıxarılmasına isə Binəqədi rayonunun əməkdaşı
Emin Əhmədli nəzarət edib.
Rövşən Museybov deyir ki, əslində evinin qiyməti 100 min manatdır.
Lakin Emin haqsızlıq edib, ona evini sataraq borcunu qaytarmağa
imkan verməyib.
"Biz görüşən zaman mən ona dedim ki, adam kişi olar. Məni 2
övladımla birlikdə çölə atdın. O isə burada adam çoxdur, kənara
çəkilib danışmağı təklif etdi. Tinə çəkilən zaman Emin başladı mənə
şillə-təpik vurmağa. Yanındakı dostu də ona köməyə gəldi. Birləşib
mən möhkəm döydülər".
Hazırda xəstəxanada müalicə aldığını deyən Rövşən Museybov
məsələnin Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsi
əməkdaşları tərəfindən araşdırıldığını də əlavə edib.
Polis bölməsində bildirdilər ki, bu barədə şikayət daxil olub.
"Məsələ araşdırılır. Bundan artıq məlumat verməyə ixtiyarımız
yoxdur".
Emin Əhmədli isə ANS PRESS-ə verdiyi məlumata görə, deyilənləri
yalan adlandırıb. Məmurun sözlərinə görə, Rövşən Museybov ona şər
atır.
"Mən dünən onunla heç bir yerdə görüşməmişəm. Rövşən Museybov məni
şərləyir. Bununla bağlı heç başqa heç bir açıqlama vermək
istəmirəm".