Hüquq müdafiəçisi Kənan M.M.-lə görüşüb

30 İyul 2014 18:05 (UTC+04:00)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov həbsdə olan rejissor Kənan Mahmudovla (Kənan M. M.) görüşüb.

 

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, bu gün Binəqədi rayon Polis idarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib: "Orada beş nəfər saxlanılırdı. Onlardan biri də 1976-cı il təvəllüdlü Mahmudov Kənan Mahmud oğludur. Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə əsasən saxlanılıb. Lakin özünü təqsirli bilmir. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Bildirdi ki, polis əməkdaşları ona hörmətlə yanaşırlar. Ondan Vüqar Muradov adlı şəxs şikayət edib, lakin sonradan şikayətini geri götürüb. Aralarında barışıq olub. Hesab edirəm ki, Kənanı buraxacaqlar" .

 

Qeyd edək ki, Kənan Mahmudov (Kənan. M. M.) müğənni Vüqar Muradov və onun qardaşı Vüsalın şikayət ərizəsi əsasında saxlanılıb və Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.