Bakıda yeni kompleks tikilir
31 İyul 2014 18:18 (UTC+04:00)
"Yasamal rayonundakı 20 saylı məktəb-liseyi
respublikadakı ən böyük müəllim-şagird kontingenti olan
məktəblərdəndir. Lakin bu gün həmin məktəb müasir tələblərə cavab
vermir. Buna görə də Təhsil Nazirliyinin müraciətinə əsasən həmin
məktəb hazırda sökülür. Onun yerində müasir tələblərə cavab verən
məktəb kompleksi tikiləcək".
Bunu ANS PRESS-ə açıqlamasında Yasamal Rayon İcra
Hakimiyyətinin Rayon Təsərrüfat Şöbəsinin müdiri Şahin Məmmədov
deyib. O, yeni məktəbin ilkin baş planının hazırlandığını
söyləyib:
"Hazırda yeni məktəb tikintisinin layihələndirmə
işi başa çatmaq üzrədir. Artıq köhnə məktəbin bir hissəsi sökülüb.
Bütün korpus və yardımçı binaları da daxil olmaqla mətkəb tam
söküləcək. Onun həyətindəki idman zalı, istilik qazanxanası da
sökülür. Tam yeni görkəmdə yeni layihə ilə orda yeni məktəb inşa
olunacaq. Yeni məktəbin böyüklüyü ilə bağlı hələlik heç nə deyə
bilmərik. Yeni məktəb binası həmin ərazinin görkəmini daha da
gözəlləşdirəcək. Məktəb Azərbaycanın milli arxitekturasına uyğun
inşa ediləcək. Bu gün həmin məktəbin komunikasiya və sinif
otaqları, kabinetləri müasir dövrün tələblərinə cavab vermirdi. Ona
görədə belə bir qərar qəbul olunub".
Ş. Məmməmədov söküntü işləri ilə əlaqədar olaraq
şagirdlərin oradan başqa məktəblərə köçürüldüyünü də qeyd edib. O,
bildirib ki, həmin məktəbin bütün müəllim və şagird kontingenti
yeni tədris ilindən Yasamal rayonu ərazisində müəyyən olunmuş
məktəblərdə öz təhsillərini davam
etdirəcəklər.
Şöbə müdirinin sözlərinə görə, söküntü işləri çox
qısa müddətə başa çatdırılacaq, lakin tikintinin nə vaxt başa
çatması barədə indi heç nə demək mümkün
deyil.
Qeyd edək ki, məktəbdə söküntü işlərinə bir neçə
gün öncə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
ictimaiyyətlə əlaqələr sektorundan bildiriblər ki, məktəbin
sökülməsi ilə əlaqədar 2830 şagird köçürüləcək.