Sosial fobiya

31 İyul 2014 19:20 (UTC+04:00)

İctimai mühitlərdə başqaları tərəfindən araşdırıldığını düşünmək və ya bir performans göstərərkən uğursuzluq səbəbi ilə qorxu və özünə inamı itirən şəxslərdə ortaya çıxan həddindən artıq narahatlıqlar içtimai fobiyanın əlamətləri hesab olunur. İctimai fobiyası olan xəstələr maraq mərkəzi olmaqdan, birlik qarşısında çıxış etməkdən, nüfuz mövqeyinə sahib olan şəxslərlə ünsiyyət qurmaqdan, tanımadığı şəxslərin gözlərinə baxmaqdan, başqalarının qarşısında yazı yazmaqdan, birlikdə telefonla danışmaqdan çəkinirlər.

Mütəxəssislərin fikrincə, fobiyaların yaranmasına əsas səbəb insanın uşaqlıq illərində keçirdiyi sarsıntı, yaxud onu dərindən təsirləndirən hadisələr ola bilər. 

Həyatın müxtəlif mərhələlərində fobiyalar dəyişə də bilər. Məsələn, körpə uşaqlar ilk vaxtlar yüksək səsdən qorxurlar. Zamanla bu hiss öz yerini başqa qorxulara verir. Hətta fobiyası olmayan insanda belə, müəyyən yaş dövründən sonra bu hiss yarana bilər. Müasir fobiyalara havasız şəraitdə, qapalı məkanda qalma, liftdən, hətta nəqliyyat vasitələrindən (daha çox rast gəlinən təyyarə və metro) qorxma da daxildir.

Mütəxəssislər bildirir ki, qorxu filmlərinə baxmaq fobiyası olmayan insanda belə qorxu yarada bilər. Fobiyası olan insanlarda isə qorxunu daha da gücləndirər. 

Son illər cadu, mistik qüvvələr haqqında olan filmlər buna misal ola bilər. Bu isə daha çox uşaqlara təsir edir. 

Uşaqlarda fobiyaların inkişaf etməməyi üçün onlara erkən yaşlarda özünə güvən hissini və qorxuları dəf etmək bacarığını aşılamaq lazımdır.