Minsk qrupu Azərbaycanın səbrinin tükəndiyini başa düşür

10 İyul 2012 08:55 (UTC+04:00)

"ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa və ABŞ Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə istənilən səyləri göstərmədiyi üçün bu münaqişə uzun illərdir qalıb". Bunu SalamNews-a AŞPA sədrinin xüsusi nümayəndəsi Mövlud Çavuşoğlu bildirib.

O söyləyib ki, Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Dünya birliyi, o cümlədən beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edib. Amma çox təəssüflər olsun ki, Azərbaycan torpaqları hələ də işğaldan azad edilməyib. Biz çox istərdik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə həllini tapsın.

M.Çavuşoğlu deyib: "Azərbaycan tərəfinin son vaxtlar münaqişənin danışıqlar yolu ilə həlli ilə bağlı səbrinin tükənməsi barədə açıqlamalarını eşidirəm. Mən Azərbaycanın səbrinin tükənməsi ilə bağlı mövqeyini yaxşı başa düşürəm. Düzgündür, bu münaqişə həll olunmalıdır. Azərbaycana kimsə bu məsələdə haqsız deyə bilməz".

Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli üçün tərəflər arasında böyük siyasi iradə olmalı, münaqişə tərəflərinin iştirakı ilə görüş keçirilməli və qəti olaraq münaqişənin həlli üçün razılaşma əldə olunmalıdır: "ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün təsir imkanlarını artırmalıdır. Hesab edirəm ki, son vaxtlar ATƏT-in Minsk qrupu Azərbaycanın səbrinin tükəndiyini başa düşür və ona görə də səylərini gücləndirib. Bu, Azərbaycan üçün müsbət hesab olunmalıdır".

Çavuşoğlu bildirib ki, Fransa Prezidenti Fransua Oland Ermənistanın Azərbaycana qarşı işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların vəziyyətilə də yaxından maraqlana bilər.

O deyib: "F.Oland "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəzanı nəzərdə tutan qanun layihəsi"nin qəbuluna sabiq prezident Nikolya Sarkozidən də böyük dəstək verir. Uydurma erməni soyqırımı məsələsi ilə bağlı "inkar qanunu"nu məhz F.Olandın partiyası Fransa Senatında gündəmə gətirib. Ötən il sözügedən qanun layihəsini ilk dəfə gündəmə N.Sarkozi gətirsə də, amma Senatda F.Olandın partiyasından daha çox senator sənədin qəbuluna səs verib. F.Holland erməni soyqırımı ilə bağlı qanunu qəbul etdirəcəyinə söz verib və indi də bunun reallaşmasına çalışır. Bu baxımdan o, sabiq prezident N.Sarkozidən də təhlükəlidir".

M.Çavuşoğlunun sözlərinə görə, Fransa Konstitusiya Məhkəməsinin qərarından sonra "erməni soyqırımı" ilə bağlı hər hansı qərarın qəbulu çox səhv addım olar: "Çünki, bu sənədin qəbulu Fransa Konstitusiya Məhkəməsinin tələblərinə ziddir. Bu cür sənədin qəbulu həm də Fransada insan haqlarının qorunması, söz və düşüncə azadlıqlarına qarşı atılmış addım hesab olunacaq. Bu baxımdan Fransa bu cür məsələlərə son qoymalıdır və Türkiyə ilə münasibətlərini qorumalıdır. Əks halda, bu, Türkiyə-Fransa münasibətlərinə böyük zərbə vura bilər. İndi Türkiyə-Fransa münasibətlərində yeni səhifə açılıb və bu münasibətləri qarşılıqlı qorumaq lazımdır". AŞPA nümayəndəsinin fikrincə, bu sənəd qəbul edilərsə, Avropa Şurasının bütün prinsip, dəyər və tələblərinə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına zidd olacaq. Təbii ki, belə olan halda Avropa Şurası bu məsələyə etirazını bildirəcək".

Çavuşoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin fəaliyyət göstərə bilməməsi təəssüf doğurur. O söyləyib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin fəaliyyətini davam etdirib və ya etdirməməsinə Avropa Şurasının Bürosu qərar verəcək: "Bu məsələ ilə bağlı AŞPA-nın yeni sədrinin mövqeyinin necə olduğunu bilmədiyini deyən AŞPA nümayəndəsi vurğulayıb ki, komitənin fəaliyyəti ilə bağlı mütəmadi müraciətlər olunmalıdır. Ermənistan tərəfi onsuz da öz mövqeyində qalacaq və alt komitənin işinə qatılmayacaq".

M.Çavuşoğlu deyib: "Çox təəssüf ki, Ermənistan tərəfi hər zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dialoqa açıq olmur. Ermənistan nümayəndə heyəti öz ölkələrində insan haqları ilə bağlı vəziyyəti belə müzakirə etməkdən yayınır. Ona görə də Ermənistan tərəfinin bu məsələ ilə bağlı mövqeyini dəyişəcəyini gözləmirəm".