Mehriban Əliyeva Azərbaycanın «Eurovision-2012» müsabiqəsindəki təmsilçiləri ilə görüşüb
10 İyul 2012 21:58 (UTC+04:00)
İyulun 10-da Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva may ayında
Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsində Azərbaycanı
təmsil edən xalq artisti Alim Qasımov və Səbinə Babayeva ilə
görüşüb.
APA-nın məlumatına görə,
Azərbaycanın birinci xanımı Alim Qasımov və Səbinə Babayevanı
müsabiqənin finalında uğurlu çıxışlarına görə təbrik edərək deyib:
"Siz bizim mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirdiniz.
Bunu həm çıxışınız, həm də müsabiqənin yekunlarına görə layiq
görüldüyünüz yüksək yer təsdiqləyir".
Mehriban xanım Əliyeva 57-ci "Eurovision" mahnı müsabiqəsinin
ölkəmizdə yüksək səviyyədə təşkil edildiyini və bunun hələ də dünya
mətbuatının gündəmində olduğunu vurğulayıb. Azərbaycanın birinci
xanımı qeyd edib ki, ölkəmizin bu müsabiqədə iştirakının
təşəbbüskarı da Heydər Əliyev Fondu olub. Azərbaycanın "Eurovision"
mahnı müsabiqəsində layiqincə təmsil olunmasının Fond tərəfindən
daim arzulandığını deyən Mehriban Əliyeva ölkəmizin bütün bu
uğurlara qısa zamanda nail olduğunu vurğulayıb. Fondun prezidenti
Azərbaycanın "Eurovision" müsabiqəsində həmişə yüksək yerlərdə
qərarlaşdığını diqqətə çatdırıb.
Azərbaycanı "Eurovision-2012"də təmsil edən xalq artisti Alim
Qasımovu və Səbinə Babayevanı bir daha təbrik edən Mehriban Əliyeva
bu müsabiqənin onlar üçün gələcək fəaliyyətlərində yeni imkanlar
açdığını deyib.