Qida zəhələnmələri ciddi təhdidə çevrilir

12 İyul 2012 08:30 (UTC+04:00)

Son dövrlər gündəmin əsas mövzularından biri də qida zəhərlənməsi ilə bağlıdır. Özü də bəzən bu hal kütləvi xarakter alır. Məsələn, iyulun 10-da Quba rayonunun Bərqov kəndində keçirilən toy mərasimində qidadan kütləvi zəhərlənmə olub. Zəhərlənmə faktı ilə bağlı Quba Mərkəzi Rayon Xəstəxanasına (MRX) 25 nəfər müraciət edib. Zəhərlənən 3 nəfərin vəziyyəti ağırdır. Onlardan 2-si azyaşlı, biri isə yaşlı Bərqov kənd sakinidir.

Quba MRX-nın yoluxucu xəstəliklər şöbəsinin müdiri Nizami Gülaliyev bildirib ki, 5 nəfər ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Digər 17 nəfər də tibbi müdaxilədən sonra səhhətləri normallaşdığı üçün evə göndərilib. Zəhərlənmənin səbəblərinin araşdırılması üçün Quba rayon Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları Bərqov kəndinə yollanıblar. Təxminən 10 gün əvvəl isə Şamaxı rayonu ərazisindəki yeməkxanada kütləvi zəhərlənmə olub. Belə ki, Şamaxı rayonu ərazisindəki "Turist" yeməkxanasından Bakı şəhər sakinləri Həsən Abdullayev, onun oğlu Şücayət, nəvələri Həsən və Samir qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Ümumiyyətlə, bu ilin ilk 5 ayı ərzində qidadan 500-ə qədər zəhərlənmə halı olub. Təkcə may ayı ərzində respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 107 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 58 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 25 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1029, mikrobioloji göstəricilərinə görə 788, toksikoloji göstəricilərinə görə 258, radioloji göstəricilərinə görə 14 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 18-də orqanoleptik və fiziki-kimyəvi, 27-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunub. Şadlıq evlərindən 2665 yaxma nümunəsi, 8 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrində 57 çirklənmə aşkar edilib. May ayı ərzində əhali arasında 62 qida zəhərlənməsi hadisəsi baş verib, 70 nəfər zərərçəkən olub.

Bütün bunlar isə yayda qəbul etdiyimiz qida məhsullarına xüsusi diqqət yetirilməsini vacib edir. Məsələn, elə qida məhsulları var ki, yayda onlardan uzaq durmaq məsləhətdir. Lakin buna çox vaxt fikir verilmir. Məsələn, balıq və balıq məhsulları. Məlumdur ki, isti havalarda ən çox zəhərlənmələrin baş verdiyi qida məhsullarından biri də balıqdır. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də vətəndaşlara balıq alarkən diqqətli olmağı tövsiyə edir. Xidmətin yaydığı məlumatda qeyd olunur ki, balıq almaq istəyən vətəndaş bilməlidir ki, təzə balığın dərisinin səthi təmiz, az miqdarda şəffaf seliklə örtülü olur. Bundan əlavə, təzə balığın pulcuqları hamar və parlaq olur. Təzə balığın dərisi ətinə möhkəm yapışmış olur. Keyfiyyətli təzə balığın gözləri şəffaf olmaqla yanaşı, həm də parlaq olur. Təzə balıqlarda qəlsəmələr tünd qırmızı, köhnələrdə isə boz rəngə çalır. Qəlsəmələrin arasını iylədikdə spesifik təzə balıq iyi hiss olunur. Balıq hər şeydən öncə zülal, mineral maddələr və yağ, vitaminlərlə zəngindir. Mütəxəssislərin fikrincə, ortayaşlı insan il ərzində azı 18 kiloqram balıq yeməlidir.

Təəssüf ki, hazırda bir çox bazarlarımızda sanitar normalarına uyğun gəlməyən, köhnəliyi açıq-aşkar bilinən, necə deyərlər, ayaq altında, açıq havada-günəş altında balıq satılır. Balıq məhsulları alarkən istehlakçıların üzləşdikləri və problem yaşadıqları məqam balığın saxlama müddətinin keçməsidir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirir ki, balıq insan qidası üçün ən yararlı qida olsa da, tez xarab olan məhsullar sırasına daxildir: "Ona görə də balığın satışı aparılarkən, saxlanılarkən sanitar-gigiyenik tələblərə əməl olunmalıdır. Məsələn, balıq tutulandan 48 saat sonra vətəndaşa satıla bilməz. Təzə balıq müvafiq temperaturda saxlanılmalı, dərhal istifadə edilməlidir. Balıq məhsullarının növündən asılı olaraq, onların saxlanma müddəti, şəraiti və temperaturu da müxtəlifdir. İlin isti vaxtlarında müvafiq şəraitdə təzə balığı 24 saat, soyuq vaxtlarda 48 saat saxlamaq olar. Qida üçün hazır olan və hermetik qablarda daha çox saxlanıla bilən məhsullardan olan balıq konservlərinin saxlanma müddəti isə məhsulun növündən, qablaşdırılmasından və saxlama şəraitindən asılı olaraq, 6 aydan 3 ilədək müəyyən edilir". Hər halda səhhətimizin qeydinə qalırıqsa, nə yediyimizə mütləq diqqət yetirməliyik.