Avtobuslar yenə dayanacaq problemi yaradırlar

12 İyul 2012 08:42 (UTC+04:00)

Son zamanlar intellektual idarəetmə sisteminin fəaliyyətə başlamasından sonra Bakı şəhərində avtobusların dayanacaqdan kənar ərazilərdə saxlamaq vərdişinə, demək olar ki, əsasən son qoyulub. Bu proses şəhərin mərkəzində ümumən tənzimlənib. Amma Bakıətrafı qəsəbə və kəndlərdə avtobuslar maşını hələ də harda gəldi saxlamaqdadırlar.

Məsələn, Bakı-Xırladan istiqamətinə hərəkət edən 135 saylı marşrut sürücüləri qəsəbə ərazisində avtobusu bir çox hallarda dayanacaqlardan kənarda saxlamağa aludə olublar. Maraqlıdır ki, bu marşrut üzrə hərəkət edən sürücülər avtobus sərnişinlə dolu olanda dayanacaqdan kənar yerlərdə saxlamadıqları halda, sərnişin qıtlığı hiss edilən kimi isə kənar yerlərdə də saxlayırlar. Anoloji vəziyyət Ramana qəsəbəsində 214 saylı marşrutla bağlı da özünü göstərir. Yaranmış vəziyyət ondan xəbər verir ki, şəhər ətrafında da avtobusların dayanacaqdan kənarda saxlaması hallarına son qoymaq üçün bir sıra vacib addımlar atılmalıdır?

Nəqliyyat məsələləri üzrə ekspert Məzahir Rüstəmov bu qənaətdədir ki, paytaxt kənarında avtobus sürücülərinin dayanacaqdan kənar ərazilərdə maşını saxlamaqda davam etmələri onların mədəni və etik səviyyəsinin aşağı olmasından irəli gəlir. Bu səbəbdən də həmsöhbətimizin fikrincə, problemin çözülməsi üçün ilk növbədə, məhz sürücü mədəniyyəti və etikasının yüksəldilməsi istiqamətində addımlar atılmalıdır: "Marşrut avtobuslarının hərəkətinə birbaşa olaraq Nəqliyyat Nazirliyi nəzarət edir. Bu nazirlik tərəfindən intellektual idarəetmə sistemi tətbiq ediləndən sonra Bakı şəhərinin marşrut xətlərində sürücülərin avtobusları harda və necə saxladıqlarını görə biləcəklərini demişdilər. Ona görə də belə çıxır ki, prosesə nəzarət edən qurum intellektual idarəetmə sistemindən istifadə etməklə şəhərin mərkəzində avtobusların hərəkət istiqamətini nisbətən görürlər. Şəhər kənarında isə quraşdırılmadığından avtobusların hərəkətini görə bilmirlər. Amma Bakıətrafı qəsəbələrdə avtobusların marşrut dayanacaqlarından kənarda saxlamalarının başlıca səbəbi heç də bu amil deyil. Burada başlıca səbəb sürücü mədəniyyəti və etikasının aşağı səviyyədə olmasıdır. Həmçinin onun cəzasızlığı, məsuliyyətdən rahat şəkildə kənar qalması da sürücüyə öz bildiyi kimi hərəkət etməyə imkan yaradır. Düşünürəm ki, sürücü mədəniyyəti və etikasının artırılması istiqamətində işlər görülməli, onlarla bu istiqamətdə treninqlər keçirilməlidir ki, problemin həlli istiqamətində ciddi irəliləyişlər əldə edilsin. Lakin təkcə Bakıətrafında deyil, indinin özündə şəhər mərkəzində də avtobuslar maşını harda gəldi saxlamaqda davam edirlər. Bəzən mərkəzdəki dayanacaqlar arasındakı məsafə az qala bir iri tutumlu avtobusun uzunluğu qədər olur. Belədə eyni vaxtda həmin qısa dayanacaqlara yaxınlaşan 4 avtobus istər-istəməz dayanacaqdan kənarda saxlamalı olur. Yollarda da problem var. Yollarımız bərbad vəziyyətdədir, bir çox yollar ensiz, avtobusun keçməsi üçün yararsız vəziyyətdədir".

Problemin paytaxtdan kənar dairələrdə özünü daha kəskin göstərməsinin bir səbəbi də M. Rüstəmova görə, həmin ərazilərin nəzarətdən kənarda olmasıdır: "Ona görə həmin ərazilərdə də avtobusların hərəkətinə müvafiq qurumlar tərəfindən tam nəzarət həyata keçirilməlidir ki, Bakıətrafında da nəqliyyat sistemilə bağlı mövcud qaydalar işləsin. Qanunların diqtə etdiyi qaydalar Bakıətrafında da işləsə, problemin həllində ciddi nailiyyətlərə imza atmaq olar". M. Rüstəmov qeyd etdi ki, avtobusların harda gəldi saxlamasında sərnişinlərin də günahı az deyil: "Bir çox hallarda sərnişin sürücüdən istədiyi yerdə avtobusu saxlamağı tələb edir. Bu da sərnişinin mədəni və etik səviyyəsinin aşağı olmasından irəli gəlir. Ona görə də sərnişin mədəniyyətinin artırılması istiqamətində də tədbirlər görülməlidir. Ümumiyyətlə problemin köklü həlli onun ətrafında kompleks tədbirlərin görülməsini vacib edir".

"Müstəqil Nəqliyyatçılar" İctimai Birliyinin sədri Natiq Ələkbərli isə bildirdi ki, qəsəbələrdə dayanacaqdan kənarda saxlama tendensiyasının hələ də geniş vüsət alması həmin marşrutu idarə edən sürücü ilə qəsəbə sakinlərinin bir-birilərini yaxşı tanıması amili rol oynayır: "Ona görə də sürücü tanıdığı insanın xətrinə dəyməmək üçün belə pozuntulara yol verir. Problemin Bakıətrafı qəsəbələrdə kəskin olmasında sərnişinlərin də günahı az deyil. Onlar hələ də dayanacaqdan kənar ərazilərdə maşını saxlamamaq kimi mədəniyyətə yiyələnə bilməyiblər. Sabunçu qəsəbəsində sonuncu dayanacağa çatmaq üçün azı 20 metrdən bir 10 yerdə saxlatdırırlar. Bu da ironik vəziyyətdir. Problemin həlli üçün yerli hakimiyyət, dövlət yol polisi və Nəqliyyat Nazirliyinin əməkdaşlarının təbliğ işlərini gücləndirməsi lazımdır".