“Biz BMT Təhlükəsizlik Şurasının üzvü kimi Tacikistanın bütün təşəbbüslərini dəstəkləyəcəyik”

12 İyul 2012 18:04 (UTC+04:00)
"Tacikistan prezidentinin Azərbaycana bu səfəri ikitərəfli münasibətlərin tarixində mühüm hadisədir". APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Tacikistan prezidenti Emoməli Rahmonla görüşdən sonra mətbuat bəyanatında deyib. 
Prezident İ. Əliyev bildirib ki, müstəqillik illərində Azərbaycan və Tacikistan mühüm tərəfdaş ölkələrə çevrilərək, beynəlxalq arenada fəal əməkdaşlıq edir. Bununla yanaşı, ölkələr siyasi və iqtisadi əməkdaşlığa dair vacib məsələlərin də öhdəsindən gəlir. Bu münasibətlərin əsasının Heydər Əliyev və Emoməli Rəhmon tərəfindən qoyulduğunu vurğulayan prezident xalqlar arasında dostluq və qardaşlıq ənənələrinin davam etdiyini, möhkəmləndiyini, yeni formalar aldığını qeyd edib: "Biz beynəlxalq qurumlarda fəal əməkdaşlıq edirik, bir-birimizə qarşılıqlı dəstək veririk. BMT Təhlükəsizlik Şurasına seçilərkən Azərbaycanın namizədliyini dəstəklədiyinə görə Tacikistan prezidentinə bir daha təşəkkür etmək istərdim. Biz bu dəstəyi çox qiymətləndiririk, bu dəstək bizə çox kömək oldu. Onu da demək istərdim ki, Təhlükəsizlik Şurasının üzvü kimi biz Tacikistan tərəfinin irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyəcəyik".
İki ölkənin İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər qurumlar çərçivəsində də sıx əməkdaşlıq etdiyini deyən Azərbaycan prezidenti bu gün iqtisadiyyat sahəsinə dair konkret layihələrin müzakirə olunduğunu, bununla bağlı nümayəndə heyətlərinə qısa zamanda yeni təşəbbüs və təklifləri hazırlamaq tapşırığı verildiyini bildirib.
Dövlət başçısı vurğulayıb ki, iqtisadi əlaqələr fəallaşmalıdır: "Bu, energetika, iqtisadiyyat, sənaye və sərmayə sahələrinə aiddir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin bir neçə dəfə artırılması üçün yaxşı imkanlar və siyasi iradə var".
Tacikistanın Mərkəzi Asiyada, Azərbaycanın isə Xəzər regionu və Qafqazda regional məsələlərdə vacib rol oynadığını deyən prezident danışıqlar zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin səmərəsi, humanitar sahədə əməkdaşlıq və digər məsələlər ilə bağlı müzakirələrin aparıldığını vurğulayıb.
Öz növbəsində Tacikistan prezidenti E. Rahmon ölkəsinin Azərbaycanla çoxşaxəli əlaqələrin inkişafına xüsusi önəm verdiyini, xalqlarımızı tarixi dostluq və ümumi mədəni dəyərlərin birləşdirdiyini qeyd edib. 
Qarşılıqlı rəsmi səfərlərdən artıq beş il keçdiyini, danışıqlar zamanı ikitərəfli əlaqələrin nəticələrinə yekunun vurulduğunu, müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlıqla bağlı istifadə olunmayan imkanların nəzərdən keçirildiyini bildirən Tacikistan prezidenti Azərbaycan dövlətinin başçısı ilə qarşılıqlı maraq doğuran və konstruktiv danışıqlar apardığını söyləyib: "Danışıqlar zamanı ikitərəfli əlaqələrə dair geniş əhatəli məsələləri müzakirə etdik, ölkələrimizdəki, regiondakı vəziyyət və hər iki tərəfi narahat edən beynəlxalq problemlər ilə bağlı fikir mübadiləsi apardıq. Görüşlərin və nümayəndə heyətlərinin danışıqlarının yekunlarına dair qarşılıqlı əlaqələrə aid artıq mövcud olan müqavilə-hüquq bazasını möhkəmləndirən və vacib olan ikitərəfli sənədlər paketini imzaladıq. Bu sənədlər sırasında ölkələrimiz arasında 2012-2015-ci illər üçün iqtisadi əməkdaşlığa dair proqramı xüsusi qeyd etmək istərdim".
Tacikistan prezidenti qeyd edib ki, danışıqlar zamanı BMT, ATƏT, MDB, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyət perspektivləri diqqət mərkəzində olub, siyasi dialoqun mütəmadi davam etdirilməsi razılaşdırılıb. Bundan əlavə, iqtisadi-ticari və nəqliyyat-tranzit sahələrdə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasının vacibliyi vurğulanıb.