Səddam Hüseynin qızı İŞİD-i maliyyələşdirir!

1 Sentyabr 2014 15:10 (UTC+04:00)

Movqe.az apa-ya istinadən xəbər verir ki, İraqın edam olunmuş prezidenti Səddam Hüseynin qızı Raqhad Hüseynin İŞİD-i maliyyələşdirdiyi bildirilir. Xəbəri alman "Der Spiegel" jurnalı Yaxın Şərqli siyasətçilərə istinad edərək yayıb. Jurnalın məlumatına görə, İordaniyada lüks həyat yaşayan Raqhad Hüseyn milyonlarla dollarlıq sərvətinin bir qismini İŞİD terror təşkilatına ayırır. Onun Baas rejiminin qisasını almaq istədiyi və hakimiyyət iddiasında olduğu bildirilir.

Xatırladaq ki, 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində Baas partiyasının və ölkənin rəhbəri Səddam Hüseyn hakimiyyətdən devrilib. Bundan sonra onun ailə üzvləri və bir çox siyasi-hərbi liderlər başqa ölkələrə qaçaraq yeni İraq hakimiyyətinə qarşı müxtəlif yollarla mübarizə aparmağa çalışırlar.