MDB-nin türkdilli ölkələri Rusiyaya hərbi təzyiq göstərməyə başladılar

13 İyul 2012 08:30 (UTC+04:00)

MDB-də böyük təsir gücünə malik olan Rusiya indi bu quruma üzv digər ölkələr tərəfindən ciddi şəkildə sıxışdırılmaqdadır. Postsovet məkanında müşahidə olunan proses göstərir ki, MDB ölkələri Rusiyanı nə qədər qəribə görünsə də daha çox hərbi müstəvidə sıxışdırmağa başlayıblar. Özü də bu siyasət ilk olaraq Azərbaycan tərəfindən tətbiq olunmağa başlayıb.

Söhbət Qəbələ Radiolokasiya Stansiyasının yeni icarə qiymətinin 300 milyon dollara qədər qaldırılmasından gedir. Moskva bu məbləğlə razı deyil, Bakı isə mövqeyindən dönməyəcəyini bildirir. Belə olan halda Rusiyanın stansiyanı bağlayacağı şübhə doğurmur.

Xatırladaq ki, bu ilin martın əvvəllərində Rusiya mətbuatı Azərbaycanın Qəbələ RLS-ə görə kirayə haqqının 7 milyon dollardan 300 milyon dollaradək artırılmasını tələb etdiyini yazıb. SSRİ dağıldıqdan sonra bu stansiya Rusiya tərəfindən işlədilib. Rusiya ilə icarə haqqında 2002-ci ildə imzalanmış razılaşmanın müddəti 2012-ci ilin dekabrında bitir. Rusiya 2012-ci ilin iyununadək əldə etməyə çalışdığı razılaşmada RLS-i 2025-ci ilədək icarəyə götürmək istəyir.

Azərbaycanın hərbi obyektin icarəsi siyasəti digər MDB dövlətləri tərəfindən də təkrarlanmaqdadır. Rusiyanın "Kommersant" qəzeti elə bu günlərdə məlumat yayıb ki, Rusiya Tacikistanda yerləşən "201" saylı hərbi bazasına görə bu ölkəyə daha artıq icarə haqqı verməli olacaq. Tacikistan dövlətindən verilən açıqlamaya əsasən, rəsmi Moskva bundan sonra hərbi bazaya görə ən azı 250 milyon ABŞ dolları icarə haqqı verəcək. Qeyd edək ki, mövzu ilə bağlı rəsmi Kreml hələlik məlumatı nə təsdiq, nə də inkar etməyib. Əvəzində isə Rusiyanın Müdafiə Nazirliyinin mərkəzi aparatının nümayəndələri, icarə haqqının artırılması ilə bağlı təkliflərin tacik versiyasının qəbuledilməz olduğunu açıqlayıb. Bu il iyul ayının əvvəlində, Rusiya Quru Qoşunlarının komandanı, general-polkovnik Vladimir Çirkin, rəsmi Düşənbə ilə hərbi bazanın icarə haqqı məsələsində bəzi problemlərin olduğunu açıqlamış və qarşı tərəfin rəsmi Moskva Rusiya üçün qəbuledilməz şərtlər irəli sürdüyünü bildirmişdi.

Qırğızıstan dövləti də ölkə ərazisində istifadə olunan hərbi bazalara görə icarə haqqını qaldırıb. Bu barədə ictimaiyyətə ölkənin Müdafiə Nazirliyi məlumat verib. Mövzu ilə bağlı Qırğızıstanın müdafiə naziri Taalaybek Omuraliyev bildirib ki, Rusiya bundan sonra ölkə ərazisində istifadə etdiyi 3 hərbi bazaya görə daha artıq pul ödəməli olacaq.

Qeyd edək ki, rəsmi Moskva Qırğızıstan ərazisində sualtı raketlərin sınağı üçün "Karakol", radioseysmik laboratoriya kimi "Maylı-su" və rabitə mərkəzi olaraq "Kara-Balte" hərbi bazalarını istifadə edir. Rusiya 1993-cü ilin müqaviləsinə əsasən hərbi bazaların icarəsi üçün hazırda 4,5 milyon dollar ödəyir. Hələlik Moskva əlavə pul ödəmək niyyətində olmadığını bəyan edib. Bu arada Qazaxıstan və ABŞ dövlətləri, hərbi sahədə 5 illik razılaşma imzalayıb ki, belə hal da Moskvanın xoşuna gəlmir. Qazaxıstanın Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Qazaxıstan müdafiə naziri Adilbek Çaksıbekov, ABŞ Dəniz Qüvvələrinin rəsmisi Rey Mabus ilə hərbi razılaşmanın imzalanması mövzusunda görüş keçirib.

Qeyd edək ki, görüşdə Qazaxıstanın bölgədə sülhün təmin olunması üçün göstərdiyi səylər, hərbi təhsil, texniki yardım, təcrübə mübadiləsi müzakirə olunub və Qazaxıstan Silahlı Qüvvələrinin təkminləşdirilməsini nəzərdə tutan 5 illik hərbi razılaşma imzalanıb.

Özbəkistan hökumətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması da Rusiyaya yeni hərbi zərbə olub. Ölkənin XİN-indəki mənbə "Kommersant" qəzetinə bildirib ki, "rəsmi Daşkənd KTMT-nin Əfqanıstan barədə olan strateji planları ilə razı deyil. Həmçinin blok daxilində hərbi əməkdaşlığın gücləndirilməsi ilə də".

Ancaq mənbə konkret olaraq hansı plandan söhbət getdiyini söyləməyib.

Mənbə əlavə edib ki, blokdan uzaqlaşmaq üçün digər başqa səbəblər də olub.

Qeyd edək ki, Özbəkistanın KTMT-dən çıxması barədə dünən diplomatik mənbələrdən məlumat verilib. Blokun mətbuat katibliyi də təsdiqləyib ki, rəsmi Daşkənddən bu istiqamətdə məktub alıblar. Rusiya tərəfi isə bildirir ki, Daşkəndin arqumentləri tutarlı deyil. Və Özbəkistanın belə bir addım atmasına səbəb son zamanlar ABŞ-la güclənən əməkdaşlığı, həmçinin Özbəkistan ərazisində ABŞ hərbi bazasının yerləşdirilməsi planlarıdır.