60% işçinin sənədləşməsi düzgün aparılmır

13 İyul 2012 08:40 (UTC+04:00)

"Azərbaycanda vətəndaşların işə götürülməsi zamanı 60% işçinin sənədləşməsi düzgün aparılmır. Yaxud əməkhaqlarının bir qismi işçiyə zərf vasitəsilə rəsmi mühasibatlıqdan yayındırılaraq verilir". APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, bu hal həm vergidən yayınma, həm də işçinin təqaüdə çıxdığı zaman problemlə üzləşməsinə səbəb olur: "Məvaciblər düzgün sənədləşdirilməlidir. Bu ikili mühasibatın qarşısının alınması, iş yerlərində işçinin vəziyyətinin yaxşılaşdırılması üçün mütləq bütün qurumlarda həmkarlar təşkilatları yaradılmalıdır".

S.Mehbalıyev tikinti sahəsində ölkədə acınacaqlı vəziyyətin hökm sürdüyünü də diqqətə çatdırıb: "Ən çox əmək hüquqlarının pozulması halları tikinti sahəsinin payına düşür. İşçilərlə pis rəftar da tikinti sahəsindədir. Tikintidə işləyənlər üçün iş şəraiti sıfırdır, fəhlələr qoruyucu vasitələrlə təmin olunmur, isti havalarda da işlər çox vaxt dayandırılmır. Əfsuslar olsun ki, çox tikintilərdə işçilər yayda sərinləşdirici, qışda isə isti içkilərlə təmin olunmurlar, qidalanma aparılmır. Bədbəxt hadisə baş verdiyi zaman isə xəsarət alan və ya dünyasını dəyişən şəxsin çalışdığı yerdə qeydiyyatı olmadığı da üzə çıxır".