İnternetlə xaricdən alınan məhsullar hələ də vergidən kənar qalır

13 İyul 2012 09:00 (UTC+04:00)

Azərbaycanda 2005-ci ildə elektron ticarət haqqında qanun qəbul edilib. Həmin qanun elektron ticarətin bütün vəziyyətlərini, o cümlədən elektron ödəmə prosesini də tənzimləyir. Qanunun qəbulundan sonra son illər elektron ödəmə və internet vasitəsilə alış-veriş sistemi tədricən də olsa yayılmağa başlayır. Hətta internet vasitəsilə mal alınmasının həcminin artması da müşahidə olunur.

Bir sıra insanlar, sahibkarlar internet mağazalar vasitəsilə elektron ödəmələr həyata keçirməklə istədikləri malı ala bilir. Qərb ölkələrində bu proses daha geniş miqyas alıb. Onu da qeyd edək ki, internet vasitəsilə hər hansı bir malı sifariş edib almaq müştəriyə həmin malı mağazalardan almaqdan xeyli ucuz başa gəlir. Elektron imza vasitəsilə internet üzərindən istənilən ödənişi edib mal alınan zaman vətəndaş evdən çıxmadan bank vasitəsilə hesabından istənilən ödənişi həyata keçirir. Azərbaycanda qanuna əsasən vətəndaşlar 30-60 manat ödəməklə özləri üçün elektron imza aça bilərlər. Amma maraqlıdır ki, Azərbaycanda xariclə edilən elektron ticarətin həcmində artım olsa da, burada hələ də vergi tutulmur. Görəsən, bunun üçün proses necə tənzimlənməlidir? Bu sahədə Vergi Məcəlləsinə edilə biləcək dəyişikliklər nə vəd edir?

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev elektron ödəmələrin müəyyən səviyyədə tənzimlənməsini vacib bildi: "İnkişaf etmiş ölkələrdə elektron ödəmə sistemi özünə geniş yer tapıb. Onlarda ticarət dövriyyəsinin 85 faizi nağdsız ödəmələrin payına düşür. Skandinaviya ölkələrində hətta bu göstərici hətta 90 faizdən çoxdur. Azərbaycanda isə elektron ticarəti cüzidir. Hardasa olsa-olsa 5-10 faiz civarında ola bilər. Yerdə qalan ticarət əlaqələrinin 90 faizi isə nağd pulla həyata keçirilir. Elektron ödəmənin xeyli üstünlükləri barədə dəfələrlə məlumat verilib. Bu hal ən azından vergidən yayınmanın qarşısını almaqda mühüm komponentdir. Yəni burada vergidən yayınmaq, demək olar ki, qeyri-mümkündür. Eyni zamanda ölkəmizdə elek- tron ticarətin müəyyən səviyyədə qanunvericilik baxımından tənzimlənməsi vacibdir. Elektron ticarətin inkişafı ilə bağlı ölkəmizdə də xüsusi qanun qəbul olunub. Həmin qanunda da sözügedən ticarətin müəyyən prinsipləri öz əksini tapıb. Bu qanun baza qanunu olaraq ölkəmizdə elektron ticarətin inkişafını tənzimləyir. Elektron ticarətin yayılma ehtimalı çox yüksəkdir. Bakıda oturub internet vasitəsilə hər hansı bir ölkədən mal almaq olar. Həmin mal pul ödənildikdən sonra hazır şəkildə alınır. Amma həmin malın vergiyə nə dərəcədə cəlb olunması, gömrük rüsumunun tətbiqi kimi məsələlər açıq olaraq qalır. Düzdür, ölkəmizdə bu tip ödənişlər geniş yayılmayıb, kütləvi şəkildə deyil. Ona görə də elektron ticarət vasitəsilə alınan malın vergiyə cəlbi məsələsinə diqqət elə də geniş deyil. Daha çox ayrı-ayrı insanlar tərəfindən həyata keçirildiyindən prosesə bir o qədər də diqqət yetirilmir. Amma gələcəkdə elektron ödəmə prosesi artdıqda malın vergi prosesinə cəlbi vacib ola bilər. Ona görə də elektron ödəmələrlə bağlı prosesin tənzimlənməsi, ondan vergi tutulması üçün vergi qanunvericiliyində müvafiq dəyişikliklər edilə bilər. Vergi Məcəlləsində internet ticarətinin vergiyə cəlbilə bağlı ayrıca müddəa olsa, bu hal istər-istəməz elektron ticarətin də vergiyə cəlbinə stimul verər".

Müstəqil iqtisadçı ekspert Akif Nəsirlinin isə məsələyə münasibəti bir qədər fərqli oldu: "Elektron ticarətlə alış-veriş daha asan və şəffafdır. Bu prosesdə müəyyən güzəştlər də var. Elektron ticarəti internet üzərindən aparıldığından Vergilər Nazirliyinin elektron idarəsi, Dövlət Sosial Müdafiə Fondunun elektron idarəsi həmin sistemə asanlıqla nəzarət edə bilir. Hazırda elektron ticarət zamanı edilən alış-verişdə müəyyən güzəştlər var. Həmin güzəştlər də elektron ödəniş və alverin, ümumiyyətlə pul ödəmələrinin bu sistem vasitəsilə həyata keçirilməsini cəmiyyətdə stimullaşdırmaqdan ötrüdür. Həmin proses bütün dünyada var. Hətta elektron, internet üzərindən ödəmə və alış-verişlərin ümumi dövriyyənin 60-70 faizini keçdiyi ölkələrdə belə bu cür ticarətdə bonuslar, vergi güzəştləri olur. Hətta ödəmə tətilləri də həyata keçirilir. Məsələn, Dövlət Sosial Müdafiə Fonduna bu yolla ödəniş edənlərə müəyyən müddətdə ödəmə tətilləri verirlər. Burada da məqsəd insanları elektron ödəmə sisteminə cəlb etməkdən ibarətdir. Azərbaycanda isə belə güzəştlər hələ ki, azdır. Həmin güzəştlər bizdə də genişləndirilsə, elektron ödəmə sistemilə alış-veriş daha geniş vüsət alar. Elektron ticarət və ödəmədə güzəştlərin olması, vergi tutumlarının azaldılması hazırkı dövrdə təqdirəlayiq haldır".