18 milyon veb-sayta çıxış məhdudlaşdırılıb
13 İyul 2012 11:34 (UTC+04:00)
Azərbaycan Təhsil Şəbəkəsində istifadə edilən "Vebsens" proqramının
İnternet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli
hesab edilən 90 tematik qrup üzrə dünyanın 18 mln. veb-saytına
çıxış məhdudlaşdırılıb.
İKT İnformasiya Mərkəzindən "APA-ECONOMICS"ə verilən məlumata
görə, dünyanın məzmun üzrə aparıcı informasiya təhlükəsizliyi
proqramı olan "Vebsens"-də onlayn rejimdə "WebCatcher" servisi
vasitəsilə zərərli hesab edilən mövzular üzrə saytlar indeksasiya
edilir və avtomatik olaraq məhdudlaşdırılmış informasiya resursları
qrupuna salınır. Bununla yanaşı, mütəxəssislər vasitəsilə də
mütəmadi olaraq qlobal şəbəkədə internet-resurslarının analizi
aparılır.
Azərbaycanda zərərli veb-resurslar üzrə tematik qrupların müəyyən
olunması "Təhsil müəssisələrində internetdən istifadənin təşkili və
məzmunun süzgəclənməsi şurası" tərəfindən həyata keçirilir. Əsasən
uşaqların psixikasına mənfi təsir göstərə biləcək bütün
veb-resurslar, o cümlədən pornoqrafiya, aqressiv davranış,
ekstremizm, narkotik və alkoqollu içkiləri təbliğ edən və
ümumiyyətlə, yetişən nəsil üçün etik və mənəvi qaydalara uyğun
olmayan müxtəlif saytlara çıxış məhdudlaşdırılır. Bununla yanaşı,
texniki nöqteyi-nəzərdən kompyuterlər üçün virus hücumu təhlükəsi
olan veb-resurslara da çıxışın qarşısı alınır.
Qlobal internetdə uşaqlar üçün təhlükələrin artdığını nəzərə alaraq
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və "Intel"
korporasiyasının "1 şagird: bir kompyuter" layihəsi çərçivəsində
netbuklarla təmin olunmuş 2 min şagirdə "təhlükəsiz internet"
paketindən yararlanmaq üçün imkan yaradılıb. Bu paket vasitəsilə
həmin netbuklardan istifadə edən şagirdlər, nəinki məktəbdə,
həmçinin məktəbdən kənarda da internet-filtrasiya sistemi
vasitəsilə zərərli veb-resurslardan qoruna bilir.
Bununla yanaşı, Azərbaycan Təhsil Şəbəkəsinə xidmət edən "AZEDUNET"
təşkilatı hər bir valideyn üçün "Təhlükəsiz İnternet" paketini öz
övladlarnın kompyuterlərinə qoşmaq imkanı da yaradıb.
Uşaqlar üçün təhlükəsiz internet problemi dünya ölkələrində ciddi
yanaşılan məsələlərdən biri hesab edilir. Məsələn, Avstraliya bu
sistemin təşkilinə 126 mln. dollar vəsait ayırıb. Bu prosesə yeni
başlayan Rusiyada isə bəzi hesablamalara görə 500 mln. dollar tələb
olunur. Böyük Britaniyada təhlükəsiz internet problemi ilə məşğul
olan "Internet Watch Foundation" təşkilatının illik büdcəsi 1 mln.
funt sterlinq təşkil edir. "Internet Watch Foundation" tərəfindən
istifadəçilərin hər il təxminən 40 min şikayəti üzrə araşdırmalar
aparılır.
Qeyd edək ki, Azərbaycan Təhsil Şəbəkəsi Azərbaycan prezidentinin
2008-ci il 10 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində
yaradılıb.