Nazirlikdən bahalaşma ilə bağlı-RƏSMİ AÇIQLAMA
3 Sentyabr 2014 13:15 (UTC+04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Rusiya
bazarına ixracın artırılmasına görə bəzi kənd təsərrüfatı
məhsullarının cari ilin avqust ayındakı qiymət dəyişiklikləri ilə
bağlı açıqlama yayıb. Nazirlikdən Movqe.az-a daxil
olan açıqlamada deyilir ki, son günlər bəzi KİV-lərdə ölkədə
istehsal edilən meyvə-tərəvəz məhsullarının Rusiya bazarlarına
ixrac həcminin çoxalmasına görə daxili bazarda kəskin qiymət
artımının baş verməsi ilə bağlı əsassız informasiyalar yayılır.
Daha çox subyektiv mülahizələrə əsaslanan bu tip informasiyaların
yerinə, sistemli şəkildə aparılan peşəkar təhlillər, əslində
vəziyyətin fərqli olduğunu göstərir. Hələ mövsümün əvvəlində əsas meyvə-tərəvəz məhsullarının
daxili bazardakı satış qiymətləri ötən illə müqayisədə kifayət
qədər aşağı idi. Məsələn, ötən ilin iyul ayına nisbətən cari ilin
iyul ayında kələmin qiyməti 25%, soğanın qiyməti 21%, sarımsağın
qiyməti 15%, xiyarın qiyməti 13%, almanın qiyməti 21%, çiyələyin
qiyməti 12%, alçanın qiyməti 10% aşağı idi və s. Ümumilikdə isə
meyvə-tərəvəzlər üzrə istehsalçı qiymət indeksi, yəni ki,
fermerlərin sahədən satış qiymətləri 4-5% aşağı idi. Bir sözlə,
cari mövsümün əvvəlində formalaşmış qiymət şərtləri ötən illə
müqayisədə kənd təsərrüfatı istehsalçıları üçün olduqca əlverişsiz
vəziyyətdə idi. Deməli, bütün hallarda qiymətlərin həm
istehsalçılar, həm də istehlakçılar üçün optimal səviyyədə
qərarlaşmasını təmin etmək üçün müvafiq tədbirlərə ehtiyac var
idi. Avqust ayının əvvəlindən
başlayaraq Rusiya bazarına ixrac imkanlarının genişlənməsi, təbii
olaraq, yerli istehsalçılar üçün əlverişli bazar şərtlərinin
yaranmasını şərtləndirən müsbət faktor kimi çıxış etdi. Bunun da
nəticəsində daxili bazarda qiymət şərtləri həm də fermerlərin
mənafeyinə uyğun yeni tarazlıq mərhələsinə daxil oldu. Bununla
belə, burada üç məqama da diqqət yetirmək
lazımdır. Birincisi, Rusiya bazarına
ixrac imkanlarının genişlənməsi qiymətlərə daha çox psixoloji təsir
kimi çıxış edirdi. Yeri gəlmişkən, KİV-lərdə səsləndirilən və daha
çox subyektiv mülahizələrə əsaslanan informasiyalar da bu psixoloji
təsirin artmasında əsaslı rola malik oldu. Lakin əslində cari ilin
ötən dövrü ərzində Azərbaycanda istehsal edilən meyvə, tərəvəz və
bostan məhsullarının ixrac edilən hissəsi müxtəlif məhsullar üzrə
ümumilikdə təqribən 7-10% təşkil edib, ötən ilə nəzərən artım isə
20,5% olub. Yəni "ölkədə istehsal edilən meyvə-tərəvəz
məhsullarının hamısı götürülüb Rusiya bazarına aparıldı" kimi
ajiotaj informasiyanın əsası yoxdur. İkincisi, Kənd Təsərrüfatı Nazirliyinin monitorinqləri
göstərir ki, Rusiya bazarına məhsul ixracının artırılmasından irəli
gələn qiymətlərə psixoloji təsir faktoru avqust ayının 8-9-dan
başlasa da, bu faktor avqust ayının 28-29-dan öz təsirini itirməyə
başladı. Yəni artıq avqust ayının axırından etibarən qiymətlər yeni
tarazlıq nöqtəsində sabitləşməyə başladı. Üçüncüsü, aparılan təhlillər göstərir ki, artıq cari ilin
avqust ayının sonunda qiymətlərin formalaşmış yeni səviyyəsi, demək
olar ki, ötən ilin müvafiq dövrü ilə eyni səviyyədədir, hətta
kartof, soğan, badımcan, çuğundur, alma, armud, şaftalı və üzüm
kimi məhsullar üzrə daha aşağı səviyyədədir. Burada yalnız qarpız,
yemiş, lobya və pomidorun qiyməti bu və ya digər səviyyədə
istisnalıq təşkil edir, yəni ki, ötən ilin müvafiq dövrünə nisbətən
yuxarıdır.Bir sözlə, Rusiya bazarına
ixracın təsiri ilə cari ilin avqust ayında meyvə, tərəvəz və bostan
məhsullarının qiymətlərində baş verən dəyişiklik mövsümün əvvəlində
istehsalçılar üçün əlverişsiz olan qiymət şərtlərinin, əlverişli
vəziyyətə gəlməsini şərtləndirimişdir. Eyni zamanda, qiymətlərin
yeni tarazlıq səviyyəsi istehlakçıların da mənafeyinə toxunmadı,
çünki bu ötən ilin müvafiq dövrü ilə eyni
səviyyədədir.