Bakıda təhsil müəssisələrinin qarşısında piyada zolaqları çəkiləcək

4 Sentyabr 2014 13:00 (UTC+04:00)

Yeni tədris mövsümünün başlanması ilə əlaqədar Bakıda təhsil müəssisələrin qarşısında piyada keçidi olmayan yollarda şagirlərin yolu rahat və təhlükəsiz keçmələri üçün piyada zolaqları çəkiləcək. Eləcə də hava şəraitinin təsiri altında silinmiş zolaqlar yenidən bərpa ediləcək. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, hazırda həmin məktəblərin siyahısı müəyyənləşdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə bildirib ki, yeni dərs ilinin başlanması ilə bağlı ali və orta məktəblərə yaxın küçə və prospektlərdə piyada zolaqları yenidən rənglənəcək.

P.Mürsəliyev qeyd edib ki, işlər bu gündən etibarən mərhələlərlə həyata keçiriləcək.