Məktəbləri əliyalın yaşlı qadınlar qoruyur-REPORTAJ

4 Sentyabr 2014 15:20 (UTC+04:00)

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Valideynlərin başı uşaqların məktəbə hazırlıq qayğılarına qarışsa da, təhsil müəssisələrində mühafizə məsələsi hər zaman aktualdır. Bunu Dövlət Neft Akademiyasında baş verən məlum terror aktı da bir daha təsdiqlədi. ADNA-da baş verən hadisədən sonra ali məktəblərdə mühafizə sistemi möhkəmləndirilsə də, bunu orta ümumtəhsil müəssisələrinə şamil etmək çətindir. Movqe.az-ın aradığı araşdırma da bunu bir daha təsdiqləyib.

məktəbləri təqaüdyaşlı qadınlar qoruyur

Bu suala cavab tapmaq üçün əvvəlcə paytaxtın orta ümumtəhsil məktəblərinə baş çəkdik. Yolumuzu Bakı şəhər 205 saylı orta məktəbdən saldıq. Məktəbin əsas giriş qapısı bağlı olduğundan, içəriyə sol tərəfdəki açıq qapıdan daxil olduq. Əsa giriş qapıda mühafizəçi yox idi. Amma məktəbin giriş qapısında bir qadın "qapıçı" durmuşdu. Müəllimələrdən biri bu tədris ili də məktəbi "qapıçı"nın qoruyacağını söylədi. Və bizə qapının girişində dayanıb bir nəfərlə söhbət edən qadını işarə göstərdi: "Məktəbimizin mühafizəçisi o qadındır. Nə sualınız var gedib ona verin".

60-65 yaşlı qadına yaxınlaşıb gəlişimizin məqsədini bildirdik. Artıq 2 ildən çoxdur ki, məktəbi mühafizə etdiyini söyləyən qadın bu tədris ili də bu məsuliyyətli vəzifədə çalışacağını söylədi: "Düzdür bir qədər yaşım çox olsa da, amma mən qapıda olanda məktəbin içərisinə bir quş da səkə bilməz. Çünki məktəbdə oxuyan şagirdlərdən tutmuş, valideynlərə qədər hamını bircə-bircə tanıyıram. İçəriyə artıq adam buraxmıram. Ona görə də bu ildə bu işi mənə tapşırıblar".

Elə bu ərəfədə söhbətimizin üstünə gələn müəllimlərdən biri məktəbin mühafizəsinin xüsusi mühafizəçilər tərəfindən təşkil etməyin bu ildə mümkün olmadığını söylədi: "Məktəblərin mühafizəsi dövlət büdcəsində nəzərdə tutulmayıb. Ona görə də Təhsil Nazirliyindən bunun üçün vəsait ayrılmadı. İndi məcburuq ötən ilki kimi məktəbi yenədə qapıçıya əmanət edək. Nə edək başqa çarəmiz də yoxdur. Özəl təhlükəsizlik xidmətləri ilə müqavilə bağlamağa pul lazımdır. Məktəbindəki elə imkanı yoxdur".

qapıçılar mühafizəçi rolunda

Bakı şəhər 179 saylı məktəbdə də bizi qapıda qadın qarşıladı. Qadın içəri girib çıxan olandan sonra dərhal içəridən qapını bağlayırdı. Odur ki, ona suallarımızı da elə qapı arxasından verməli olduq. Məktəbin mühafizəçisi sizsiniz? sualımıza orta yaşlı qadın "hə" cavabı verdi. Qəzetdən olduğumuzu biləndən sonra, işi barədə daha ətraflı söhbət açdı: " Məktəbi mən demək olar ki, təkbaşına qoruyuram. Vəzifəm də gündüz gözətçisidir. Çalışıram ki, imkan daxilində məktəbə yad adam buraxmayım. Axı necə olsa bu boyda məktəbi mənə əmanət ediblər. Deyirdilər ki bu il mühafizəçi olacaq. Amma pul ayrılmadığına görə, bu məsələ elə belə də qaldı. Kimdir burada 70-80 manata gün axşama kimi qapı açıb-örtən. Mühafizəçi tutsalar gərək ayda 300 manat pul verələr. Bunadakı məktəbin imkanı yoxdur".

Qapıçı qadın məktəbin mühafizəsinin etibarlı əldə olduğuna bizi inandırmağa çalışdısa da, Akademiyadakı hadisənin üstündən illər xeyli vaxt keçsə də, bu hadisə onu əməlli-başlı qorxuya saldığını da gizlətmədi: "O hadisədən sonra özümə gələ bilmirəm, hər an qorxuludur, yanımda əlisilahlı bir polis əməkdaşı dayansaydı, ürəyim rahat olardı. Bir təhlükə olsa, tək mən qadın xeylağı, nə edə bilərəm ki?..."

23 saylı məktəbi də qapıçı qadın qoruyur. Yaşı 60-ı haqlamış ağ saçlı bu qadın içəri girib-çıxanları sorğu-suala tutsa da əyləşdiyi yerdən tərpənmirdi. Qapıçı qadın isə məktəbin yaxınlığında 22 saylı polis bölməsinin yerləşməsindən arxayın olduğunu söylədi. Onun sözlərinə görə, küçədə polis məntəqəsi olduğundan, burada təhlükəli hadisə baş verə bilməz. Uşaq bacçalarının da giriş qapısında isə heç kimə rast gəlmədik. Şahidi olduq ki, bu müəssisələrdə mühafizə yox dərəcəsindədir. Şagirdli-müəllimli hamı Allaha sığınıb.  Beləliklə apardığımız kiçik araşdırma zamanı ali təhsil ocaqları istisna olmaqla, orta məktəblərdə mühafizənin yox dərəcəsində olduğunun şahidi olduq. Orta ümumtəhsil məktəblərində şagirdli-müəllimli hamı Allaha sığınıb, ümidlərini böyük yaradana bağlayıblar. Bakı Şəhər Təhsil İdarəsindən bildirdilər ki, orta məktəblərin mühafizəsini mərkəzləşmiş qaydada həll etmək hələki mümkün deyil. Odur ki, dövlətdən bu məqsədlə vəsait ayrılınca, məktəblər özləri bu problemi birtəhər yoluna qoymalıdırlar.  

Ekspertlər isə hələki məktəblərin mühafizəsinin post-patrul xidmətinin əməkdaşlarının üzərinə düşdüyünü söyləyirlər. Elmi-Praktik Hüquq Mərkəzinin işçisi, sabiq polis əməkdaşı Mahmud Hacıyev deyir ki, dövlətdən bunun üçün vəsait ayrılana qədər polislər ayıq-sayıq olmalıdırlar: "Xarici ölkələrin əksəriyyətində orta məktəblərin mühafizəçiləri yoxdur. Sadəcə olaraq bayır polisləri və sahə polisləri öz ərazilərindəki məktəblərin kənarını mühafizə edirlər. Dərslər başlayandan sona çatanadək yol polisləri məktəblərin yerləşdiyi küçələrə avtomobillərin hərəkətini nəzarətdə saxlayırlar. Polislər isə ərazini mühafizə edirlər".