Putinə meydan oxuyan şəxs
4 Sentyabr 2014 23:19 (UTC+04:00)
Tiflisdə Gürcüstanın və Qazaxıstanın Xarici İşlər
Nazirlikləri arasında siyasi müzakirələr aparılıb.
ANS PRESS-in məlumatına görə, Gürcüstanın xarici
işlər naziri Maya Pancikidze Qazaxıstan xarici işlər nazirinin
müavini Samat Ordabayevi ilə görüşüb.
Görüşdə ikitərəfli əməkdaşlığın dərinləşməsinin
əhəmiyyəti vurğulanıb. Xüsusən iqtisadi əlaqələrin aktivləşməsi
sahəsində danışıqlar aparılıb. Həmçinin, görüşün gedişatında
Qazaxıstan Gürcüstana dəstəyini nümayiş etdirib və bu ölkənin ərazi
bütövlüyünü tanıyıb.
Qazaxıstan faktiki olaraq Avrasiya İttifaqına
Abxaziyanın və Cənubi Osetiyanın cəlb edilməsini dəstəkləməyəcəyini
bəyan edib. Bundan başqa, Qazaxıstan Gürcüstanla iqtisadi
münasibətləri nümayişkaranə şəkildə qaydaya salır.
Bu günlərdə Rusiya prezidenti Vladimir Putin
Nazarbayevi müstəqil qazax dövləti yartmaq münasibəti ilə
tərifləyib. Putin işarə edirdi ki, Qazaxıstan dövlətinin Rusiya
imperiyası ərazisində yaranmasına icazə verilib və bu icazə
istənilən vaxt ləğv edilə bilər.
Bu gün Belarusiya qəzetlərindən birində isə
Lukaşenko və Nazarbayevin Putinin təzyiqlərinə dözməyəcəkləri ilə
bağlı yazı dərc olunub. Məqalədə qeyd edilir ki, Avrasiya İttifaqı
çox tezliklə dağıla bilər və bu, tək Putinin imperiya
ambisiyalarına görə olmayacaq. Digər bir səbəb Moskvanın Avrasiya
İttifaqına Ermənistanı cəlb etmək istəyidir.
Görüşdə Qazaxıstan tərəfi Azərbaycanın ərazi
bütövlüyünü də dəstəkləyəcəyini açıqlayıb. Bu isə o deməkdir ki, 10
oktyabrda, Minskdə Avrasiya İttifaqının sammitində Astana Qarabağ
üzrə sərt tələbləri irəli sürərək yenidən Ermənistanın İttifaqa
girişinin qarşısını ala bilər.