2014-cü ilin avqust ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilib və bu müddət ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 39 nəfər saxlanılıb. Movqe.az Dövlət Sərhəd Xidmətinin saytına istinadən xəbər verir ki, onların 23 nəfəri Azərbayan Respublikası, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Moldova, 2 nəfəri Türkiyə, 2 nəfəri Ukrayna, 2 nəfəri Qazaxıstan, 2 nəfəri Pakistan, 1 nəfəri isə Qırğızıstan vətəndaşı olub.Sərhəd rejim qaydalarını pozduqlarına görə 3 halda 4 nəfər, Xəzər dənizində isə 11 halda 19 nəfər saxlanılaraq inzibati xəta törətdiklərinə görə məsuliyyətə cəlb olunub.
Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən
keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda
olan 268 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil
verilib.Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı
mübarizə tədbirləri nəticəsində 17 halda ümumilikdə 109 kiloqram
421 qram narkotik maddənin dövlət sərhədindən qanunsuz
keçirilməsinin qarşısı alınıb.Belə ki, 11 avqust 2014-cü il tarixdə
Astara şəhəri ərazisindəki zastavanın xidməti sahəsində 100 qram
heroin; 14 avqust 2014-cü il tarixdə Beyləqan rayon, Əhmədli kənd
ərazisindəki zastavanın xidməti sahəsində meşə zolağında ağacın
dibində basdırılmış halda 3 kiloqram tiryək aşkarlanaraq
götürülüb.Bundan başqa, 20 avqust 2014-cü il tarixdə "Göytəpə"
sərhəd dəstəsinin "Kürünc" sərhəd zastavasının xidməti ərazisində
bir qrup İran İslam Respublikası vətəndaşı Azərbaycan
Respublikasının dövlət sərhədini pozaraq narkotik vasitələrin
keçirilməsinə cəhd göstərib, sərhəd naryadı tərəfindən onların
saxlanılması üçün müvafiq tədbirlər görülüb, sərhəd pozucuları
üzərilərindəki əşyaları ataraq, ərazinin mürəkkəb relyefindən
istifadə etməklə geriyə İran ərazisinə qaçmağa müvəffəq
olublar.Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində
hadisə yerində 1 ədəd AKMS markalı avtomat silah, 60 ədəd 7,62 mm
kalibrli patronla dolu 2 ədəd daraq, 1 ədəd "Bereta" markalı ov
tüfəngi, 4 ədəd patron, 1 ədəd elektron tərəzi, 20 kq həşiş qatranı
və 4,5 kq "kokos" tipli narotik vasitələr aşkar olunaraq
götürülüb.
Hadisədən sonra qarşılıqlı əlaqələr və əməkdaşlıq çərçivəsində İran
sərhəd polisinin aidiyyəti qurumunun nümayəndələri ilə görüş
keçirilib, həmin cinayəti törətmiş narkotik qaçaqmalçılığı ilə
məşğul olan mütəşəkkil cinayətkar qrupun fəaliyyəti haqqında
məlumat mübadiləsi aparılıb. İran İslam Respublikasının sərhəd
polisinin keçirdiyi tədbirlər nəticəsində qısa müddət ərzində
qrupun İran vətəndaşlarından ibarət iki üzvü müəyyənləşdirilərək
həbs edilib.
4 halda "Biləsuvar" SNM-də İran İslam Respublikasından Azərbaycan
Respublikasına keçmiş şəxslər gömrük orqanları ilə birgə
yoxlanılarkən 7 kiloqram 558 qram, 7 halda "Astara" SNM-də 443
qram, 1 halda "Balakən" SNM-də Gürcüstandan Azərbaycan
Respublikasına keçmiş Azərbaycan vətəndaşından 921 qram və 1 halda
"Şıxlı" SNM-də Azərbaycan Respublikasından Gürcüstana keçərkən
Türkiyə vətəndaşının idarə etdiyi "DAF" markalı avtomobilin
qoşqusunun taxta döşəməsinin altında xüsusi düzəldilmiş gizli
saxlanc yerindən 116 ədəd polietilen bağlamada ümumi çəkisi 72
kiloqram 900 qram olan narkotik vasitələr aşkar olunaraq
götürülüb.
Bundan əlavə, 27 avqust 2014-cü il tarixdə "Biləsuvar" Sərhəd
Nəzarəti Məntəqəsində İrandan Azərbaycan istiqamətində hərəkət edən
İran vətəndaşı 1971-ci il təvəllüdlü İranxan Siyavuş Heydər oğlunun
idarə etdiyi "73B575-10" dövlət nömrə nişanlı "Peugeot" markalı
minik avtomaşınına gömrük orqanları ilə birgə baxış keçirilən zaman
avtomaşının qapılarının içərisində gizli saxlanc yerində külli
miqdarda narkotik vasitə - 4 kq 920 qam tiryək aşkar edilərək
götürülüb.
5 halda Astara, Şəki, Balakən və Ağstafa rayon ərazilərində 2,5
hektar sahədən ümumi çəkisi 4 ton olan yabanı halda bitmiş çətənə
kolu yığılaraq müvafiq qaydada yandırılıb.
25 avqust 2014-cü il tarixdə "Göytəpə" sərhəd dəstəsinin "Bayxanlı"
sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən axtarış
tədbirləri nəticəsində dövlət sərhədindən qanunsuz keçirilməsi
məqsədi ilə gizlədilmiş, ümumi sayı 130 ədəd olan 0,7 litirlik
şüşələrdə qablaşdırılmış "Qranit" markalı araq məhsulları aşkar
olunaraq götürülüb.
Qeyd olunan bütün faktlarla bağlı aidiyyəti üzrə qanunamüvafiq
tədbirlər görülüb.
Ümumilikdə, ay ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə
çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 55 halda ümumi
dəyəri təqribən 3 milyon 365 min manat olan qaçaqmal, o cümlədən 1
ədəd avtomat silah, 60 ədəd 7,62 mm kalibrli patronla dolu 2 ədəd
daraq, 2 ədəd ov tüfəngi, 3 ədəd pnevmatik tapanca, 78 ədəd
müxtəlif ölçülü güllə, 5 ədəd bıçaq, 58 ədəd müxtəlif markalı mobil
telefon, 239 ədəd müxtəlif ölçülü və markalı spirtli içkilər, 4328
qutu müxtəlif markalı siqaret, 4 ədəd qayıq, müxtəlif dərman
preparatları və sənaye malları saxlanılıb.