Səhiyyə Nazirliyindən yaralılarla bağlı-RƏSMİ AÇIQLAMA
8 Sentyabr 2014 12:20 (UTC+04:00)
Xırdalanda baş vermiş partlayışda yaralanan şəxslər xəstəxanaya
yerləşdiriliblər. Səhiyyə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, yaralılar 1 saylı
Şəhər Xəstəxanasına yerləşdiriliblər. Nazirliyin mətbuat xidmətinin
rəhbəri Anar Qədirli bildirib ki, baş verən hadisə zamanı
xəstəxanaya 5 yaralı gətirilib. Onlardan 1-i 15 yaşında uşaqdır.
Yaralılardan 1-i reanimasiyaya yerləşdirilib. Hazırda reanimasiya
tədbirləri aparılır. Həmin xəstənin döş qəfəsində sınıqları da var.
3 uşaq 1 qadın isə palataya yerləşdirilib. Onların vəziyyəti
normaldır".
Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov isə bildirib
ki, 2001-ci il təvəllüdlü Yunis İsmayılovun aşağı ətrafları yanıb.
Onun sözlərinə görə, uşaq palataya yerləşdirilib, həyati təhlükəsi
yoxdur. Onun atası 1972-ci il təvəllüdlü Vidadi İsmayılovun isə
bədəninin 90 faizi yanıb, vəziyyəti ağır qiymətləndirilir, həyati
təhlükəsi yüksəkdir. Qeyd edək ki, Xırdalanda yaşayış binasında baş
verən partlayış nəticəsində dağıntılar altından çıxarılan
şəxslərdən ikisinin adı məlum olub. Onlar 1972-ci il təvəllüdlü
İsmayılov Vidadi Yunis oğlu və onun oğlu, 2001-ci il təvəllüdlü
İsmayılov Yunis Vidadi oğludur. Qeyd edək ki, Xırdalan şəhəri,
26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli
binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə
binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar
var. Baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılan
iki şəxs yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə
yerləşdirilib.a