Ali məktəblərə qəbul imtahanları keçirilir
14 İyul 2012 11:35 (UTC+04:00)
Bu gün Azərbaycanda 2012-2013-cü
tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil
bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III
ixtisas qrupu üzrə qəbul imtahanları keçirilir. Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, imtahan
respublikanın 6 şəhərində - Bakıda 30, Naxçıvanda 3, Gəncədə 7,
Sumqayıtda 6, Şəkidə 4, Lənkəranda 4 binada keçiriləcək. Orta
ümumtəhsil müəssisələrindən 2361 nəzarətçi-müəllimin iştirak etdiyi
imtahana 220 imtahan rəhbəri cəlb olunub.
İmtahanın gedişini işıqlandırmaq üçün TQDK-da 70-dək KİV
nümayəndəsi qeydiyyatdan keçib. III qrup üzrə imtahan verən 30831
abituriyentdən 28151 nəfəri Azərbaycan, 2680 nəfəri isə rus
bölməsinin məzunudur. Abituriyentlərin 8280 nəfərini oğlanlar,
22551 nəfərini isə qızlar təşkil edir. 16028 nəfər orta ümumtəhsil
məktəblərinin bu ilki, 12363 nəfəri əvvəlki illərin məzunudur. Bu
ixtisas qrupu üzrə təhsil almaq istəyən 135 abituriyent xarici
ölkələrin vətəndaşıdır. 183 abituriyent ali təhsillidir və III
ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 2257
abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən
yaşlı abituriyent 1956-cı, ən gənc isə 1997-ci ildəndir. Bakıda
17797, Naxçıvanda 2140, Gəncədə 3585, Sumqayıtda 3600, Şəkidə 1846,
Lənkəranda 1863 abituriyent imtahan verir.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11.00-da başlayacaq və 3
saat ərzində aparılacaq.
İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas
qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Saat 19.00-da
"Space" telekanalında canlı yayımlananan "Abituriyent" verilişində
TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda
istifadə olunmuş sualların düzgün cavabları açıqlanacaq. İmtahanda
istifadə olunan sualların düzgün cavabları eyni zamanda TQDK-nın
saytında da yerləşdiriləcək. III ixtisas qrupu üzrə imtahan verən
abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra
nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatları həmçinin mobil
telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə
biləcəklər.
III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən
ixtisaslara qəbul olmaq istəyən və Qabiliyyət İmtahanı
Komissiyasında (QİK) qeydiyyatdan keçən abituriyentlər iyulun
18-dən 24-dək qabiliyyət imtahanı verməlidirlər.
Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul
imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun
7-dən 16-dək internet vasitəsilə aparılacaq. Tam orta təhsil
bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil
olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali
təhsil müəssislərinə yerləşdirmənin nəticələri elan olunduqdan
sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə
daxil olub orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə
bilərlər.