Bu fənlər üzrə müəllim yerləri boş qalıb

9 Sentyabr 2014 16:07 (UTC+04:00)
Müəllimlərin əlavə yerləşdirilməsi üçün keçirilən imtahanlar nəticəsində respublika üzrə 1100-dən artıq yer boş qalıb. Bu barədə məlumat Movqe.az-a Təhsil Nazirliyindən verilib. Boş qalan yerlər daha çox kimya, biologiya və fizika fənləri üzrədir. Nazirlikdən əlavə olaraq bildiriblər ki, boş qalan yerlərə ikinci dəfə əlavə yerləşdirmənin aparılması indiki mərhələdə nəzərdə tutulmayıb. Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticəsi barədə təhsil naziri Mikayıl Cabbarov əmr verib. Əmrə əsasən 2014-2015-ci dərs ilində ümumi təhsil müəssisələri və peşə liseylərində boş qalan müəllim yerlərinə əlavə yerləşdirmənin nəticələri təsdiq edilib. Əmrdə qeyd olunub ki, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərlərinə tapşırılıb ki, 5 gün müddətində əlavə yerləşdirmə nəticəsində işə qəbul olunan müəllimlərin sənədlərini yoxlayıb, onlarla əmək müqavilələrinin bağlanmasını və həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) işə qəbul üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etsinlər, əmək fəaliyyəti ilə əlaqədar məsələlərin həll edilməsində onlara köməklik göstərsinlər, habelə yeni işə qəbul edilmiş ibtidai və V-VII siniflərdə dərs deyəcək müəllimlərin fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarına cəlbini təmin etsinlər.
Boş qalan yerlərə 25-29 avqust 2014-cü ildə müsabiqədə iştirak edib keçid balı toplayan, lakin heç bir yer tutmayan 2894 nəfər müraciət edib. Müsabiqə nəticəsində 388 nəfər işə qəbul edilib. Ümumilikdə, müsabiqə nəticəsində 1692 nəfər işə qəbul olunub. Onların 1405 nəfərinə (85%) həvəsləndirmə tətbiq olunub. Nazirlikdən onu da əlavə ediblər ki, ən çox boş qalan yerlər kimya, biologiya və fizika fənləri olsa da, əvvəlki illərlə müqayisədə bu fənlər üzrə müraciət edənlərin sayı artıb.