Mingəçevir gənclərinin ilk festivalı keçirildi

9 Sentyabr 2014 15:49 (UTC+04:00)

Gənclər üçün Təhsil Mərkəzinin silsilə təşkil etdiyi region gənclərinin yaradıcılıq festivalının bu dəfəki ünvanı Mingəçevir şəhəri olmuşdur. Movqe.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən festivalda yüzlərlə yeniyetmə və gənc, şəhər sakini və rəsmi qonaqlar iştirak etmişdir. Mərkəzin regional nümayəndəsi Tural Kərimov festivalı giriş sözü ilə açaraq, tədbirin mahiyyəti barədə şəhər əhalisinə məlumat vermiş, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması və artırılması, habelə onlarda yaradıcı işə maraq oyadılması baxımından əhəmiyyətini vurğulamışdır. Mingəçevir şəhərinin icra strukturlarının nümayəndələri də çıxış edərək, tədbirin gənclər üçün ciddi əhəmiyyətindən danışmış, dövlətin də bu sahəyə daim diqqət ayırdığını vurğulamışdılar. Bildirilmişdir ki, bu gün Azərbaycanın yaradıcı gəncləri ölkəmizi həm daxildə, həm də xaricdə layiqincə təmsil edirlər. Buna görə yeni-yeni yaradıcı gənclərin regionlardan aşkar edilməsi və tanıdılması vacibdir.

Daha sonra söz yaradıcı gənclərə verilmiş, onlar teatr, kino işi, rəssamlıq, əl işləri, bədii qiraət, aşıq sənəti, musiqi və digər sahələrdə öz bacarıqlarını nümayiş etdirmişdirlər. Festivalda 70-dən çox gəncin yaradıcılıq qabiliyyəti nümayiş olunmuşdur. Həmin gənclərdən 30-a yaxını ilk dəfə olaraq, geniş auditoriya qarşısına çıxmışdır. Festivalın sonunda bütün iştirakçılara diplomlar təqdim edilmişdir.