Sentyabrın 10-da Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda həyata keçirilən işlərin gedişi ilə tanış olub.
Mehriban Əliyevaya məlumat verilib ki, 2011-ci ilin
iyununda təməli qoyulan stadionunun inşası sürətlə davam etdirilir
və tikinti işlərinin böyük hissəsi başa çatdırılıb.
Daha sonra Azərbaycanın birinci xanımına Bakı Olimpiya Stadionunun
interyerində həyata keçirilən və görüləcək işlərlə bağlı məlumat
verilib. Təşkilat Komitəsinin sədri interyerdə istifadə olunacaq
tikinti materialları və mebel avadanlığı ilə bağlı tövsiyələrini
verib.
Müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 69 minə
yaxın tamaşaçı yerinə malik Bakı Olimpiya Stadionu bu tipli idman
qurğuları sırasında özünəməxsus yer tutacaq.
Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif
funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur
yaradılır. Təxminən 50 hektar ərazidə tikilən stadion 62 metr
hündürlüyündə, 6 mərtəbədən ibarət olacaq. Əsas və köməkçi
stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda
VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə
tutulub.
Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş olacaq.
Olimpiya normativlərinə əsasən insanların stadiona daha çox piyada
və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də
ərazidə 3103 yerlik avtomobil parkı inşa edilir.
Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq
sahəsi salınacaq. Bununla da orijinal layihə əsasında inşa edilən
Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman
qurğularından biri olacaq.