Bələdiyyələrin fəaliyyətindən yenə narazılıq var

11 Sentyabr 2014 08:41 (UTC+04:00)

Azərbaycanda bələdiyyələrin birləşməsi yolu ilə onların sayını yenidən azaldacaqlar. Son məlumatlara görə, ölkə üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 bələdiyyə yaradılacaq. Bundan əvvəl də analoji addımlar atılıb. Maraqlıdır, bələdiyyələrin birləşdirilməsi yolu ilə onların sayının azaldılması həmin sistemə nə vəd edir? Bu addım bələdiyyələrin çoxdan gözlənilən daha səmərəli fəaliyyətinə gətirib çıxara bilərmi?

Bələdiyyə eksperti İlqar Hüseynlinin fikrincə, nə qədər ki, bələdiyyələr ciddi maliyyə mənbələrinə malik deyil, onların birləşməsinin də səmərəli effekti olmayacaq: " Vəziyyətin belə olmasının da bir neçə səbəbi var. Səbəblərdən ən başlıcası odur ki, bələdiyyələr birləşdirilsə də, mahiyyət etibarı ilə onun maliyyə imkanlarının artırılması üzərində iş getmirsə, bu, heç bir halda özünüidarə orqanlarının inkişafına gətirib çıxarmayacaq. Bələdiyyələr sosial xidmətləri yerinə yetirən, vətəndaşların sosial ehtiyaclarının təmin olunması istiqamətində fəaliyyət göstərən bir qurumdur. Bildiyiniz kimi, sosial infrastruktur layihələrinin icra olunması üçün də ilk növbədə maliyyə ehtiyatlarının olması vacibdir. Hazırda bələdiyyələrdə maliyyə yığımı problemi özünü ciddi şəkildə göstərməkdədir. Sadaladığım bu məsələlərin mahiyyətində o dayanır ki, bələdiyyələr birləşməklə daha operativ bir quruma çevrilə bilərlər. Onların birləşməsi prosesinin başa çatdırılması ilə bağlı təkliflərimiz olub. Bələdiyyələrin birləşməsinin bir müsbət tərəfi də ondan ibarətdir ki, bununla onların inzibati strukturunun saxlanılmasına çəkilən xərclərin xeyli hissəsinə qənaət olunur. Yəni birləşmənin kökündə müsbət pozitiv tərəflər var. Amma bununla yanaşı, bələdiyyə sisteminin inkişafında başlıca əngəl bu qurumun statusunun tam dəqiqləşdirilməməsi, yerli icra strukturları ilə ortaq səlahiyyələri icra etməsi və onların maliyyə baxımından zəif olması ilə bağlıdır. Bütün bu məqamlar bələdiyyələrin inkişafında dinamik dəyişikliyə gətirib çıxarmır. Bu halda deyə bilərik ki, sadaladığım məqamlar həllini tapmayınca, bələdiyyələrin birləşməsi ilə həmin qurumun fəaliyyətində ciddi nəticələrə nail olmaq da mümkün olmayacaq. Bir neçə il öncə də bələdiyyələrin birləşməsi ilə onların sayı yarıya qədər azaldıldı. Lakin gedişat onu föstərdi ki, həmin addım sadəcə, kosmetik xarakter daşıdı və bələdiyyələrin inkişafına hər hansı bir töhfə verə bilmədi. Birləşmənin nəticəsi olaraq, bələdiyyələrə davamlı maliyyənin verilməsi, onların Türkiyədə olduğu kimi, dövlət büdcəsindən konkret paya sahib olması hadisəsi baş verərsə, birləşmə prosesi də öz müsbət səmərəsini verəcək. Bu olmadığı təqdirdə, bələdiyyələrin birləşməsi ilə mahiyyət dəyişməyəcək, necə ki, hazırda bunun şahidiyik".

Digər ekspert Vüqar Tofiqli əminliklə qeyd etdi ki, istənilən halda birləşmə istiqamətində atılan bu addım bələdiyyələrin inkişafına təkan verəcək: "Azərbaycanda bələdiyyələrin birləşdirilməsi heç də ilk hadisə deyil. Hələ 2009-cu ilin bələdiyyə seçkiləri ərəfəsi minə yaxın bələdiyyə birləşdirildi. Nəticədə 2735 bələdiyyənin sayı 1718-ə endirildi. Bu il də növbəti bələdiyyə seçkiləri gəlir. Həmin ərəfədə də 100-dən bir qədər çoxmüəyyən sayda bələdiyyənin birləşdirilməsi nəzərdə tutulub. Belə qurumların birləşdirilməsi istənilən halda müsbət haldır. Bu addımın əsas məqsəd və məramı yerlərdə bələdiyyələrin operativliyinin, seçicilərinə göstərdiyi xidmətin keyfiyyətinin artırılması, o cümlədən maliyyə resurslarının mərkəzləşdirilməsi məqsədi daşıyır. Güman edirəm ki, istənilən halda bu prosesin davam etdirilməsi zəruridir. Gələcəkdə, ümumiyyətlə, Azərbaycanda bələdiyyələrin sayının 400-500 civarında olması daha məqsədəuyğundur. Çünki, bu strukturun olduğu ölkələrdə bələdiyyələrin ümumi sayı 400-ü keçmir. Həmin addımın da əsas məqsədi bələdiyyələrin nüfuz və çəkisinin artırılması, maliyyə resurslarının yüksək səviyyəyə çatdırılmasından ibarətdir. Bu addımı dəstəkləməklə yanaşı, onu davam etdirmək gərəkdir".