Vakant dövlət qulluğu vəzifələrinə edilmiş müsabiqə başa çatıb

11 Sentyabr 2014 11:30 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 1, 23, 30 aprel, 20 may və 13 iyun tarixlərində 90 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 933 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə başa çatıb.


Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 2427-si (32,96%) qadın namizəd olmaqla 7364 namizəd qeydə alınıb. Qeydə alınmış 7364 namizədin 75,62%-ni gənclər təşkil edib.

 

Namizədlərdən 2611 nəfəri (bütün namizədlərin 35,46%-i) test imtahanında iştirak etməyib.

 

Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 387-si (29,23%) qadın namizəd olmaqla 1371 nəfəri (bütün namizədlərin 18,62%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin test mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin 78,77%-ni gənc namizədlər təşkil edib.

 

Müsabiqənin müsahibə mərhələsi 12 iyun – 10 sentyabr 2014-cü il tarixdə keçirilib.

 

Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş 1157 namizəddən 111 nəfəri müsahibədə iştirak etməyib, 2 nəfər isə müsahibədə iştirak etməkdən imtina edib. Namizədlərdən 395-i müsahibədən uğurla keçib, 649-u vəzifəyə uyğun hesab edilməyib.

 

Müsahibədən uğurla keçən namizədlərin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə dövlət orqanlarına göndərilib.

 

Müsahibə mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:

 

Dövlət Statistika Komitəsi – (65%) müsahibə üzrə qeydə alınmış 46 namizəddən 30-u;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – (48%) müsahibə üzrə qeydə alınmış 69 namizəddən 33-ü;

Gənclər və İdman Nazirliyi – (46%) müsahibə üzrə qeydə alınmış 41 namizəddən 19-u;

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – (44%) müsahibə üzrə qeydə alınmış 70 namizəddən 31-i;

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – (44%) müsahibə üzrə qeydə alınmış 25 namizəddən 11-i;

İqtisadiyyat və Sənaye Nazirliyi – (41%) müsahibə üzrə qeydə alınmış 75 namizəddən 31-i;

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi – (39%) müsahibə üzrə qeydə alınmış 28 namizəddən 11-i.