Quraqlığın gətirdiyi problem böyüyür

11 Sentyabr 2014 11:41 (UTC+04:00)

Yay fəsli bitmək üzrə olsa da, hələ də ölkə ərazisində müşahidə olunan quraqlıq davam edir. Bütün mövsüm boyu davam edən bu vəziyyətdən bir çox rayonlar ciddi zərər gördü. Susuzluqdan fermerlərin təsərrüfatları məhsulsuzluqdan əziyyət çəkdi. 

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev bildirir ki, aparılan tədqiqatlar ötən illərlə müqayisədə analoqu olmayan nəticələr ortaya qoyub. Şöbə müdiri Mövqe.az-a saytına açıqlamasında bunları deyib: "Azərbaycanda bu il müşahidə olunan yay fəsli əvvəlki illərə nisbətən fərqləndi. Yaşanan quraqlıq nəticəsində ölkənin regionlarına, xüsusən kənd təsərrüfatına ciddi ziyan dəydi. Orta qurşaqda yerləşən meşəliklərdə belə quraqlıq yaşandı. Hansı ki, əvvəllər belə hal olmamışdı.  Xüsusən enliyarpaqlılarda quruma müşahidə olunur. Söhbət  konkret olaraq Ağsu aşırımı və bu enlikdə olan sahələrdən gedir. Azərbaycan ərazisində qərbdən şərqə doğru, şimal-qərbdən cənub-şərq istiqamətində quraqlıq artır,  yağıntıların miqdarı azalır, tempratur isə artır. Qərb hissədə hiss olunmayıbsa da, qərbdən cənub-şərqə getdikcə bu faktlar ciddi şəkildə müşahidə olundu. Bəzi ağaclar isə dözümlü olduğuna görə onlarda quruma yaşanmadı.Burda söhbət iynəyarpaqlılardan gedir. 

Meşəliklərdən başqa fərdi təərrüfatlara, həyətyanı sahələrə, bəzi fermer təsərüfatlardakı bitkilərdə də ciddi şəkildə quraqlığın nəticələri hiss olunub. Xüsusən də Ağsuçay, Girdimançay, Tiryançay hövzəsində olan,  Şirvan su kanalına gedib çatmayan hissələrdə yerləşən, bu çayların suları ilə suvarılan  həyətlərdə  nar, əncir, heyva, armud kimi meyvə ağacları yandı. Bunlar gələcəkdə baş verə biləcək ciddi fəsadlardan xəbər verir. Çünki hansısa meyvə ağacı quruyursa, bunun bioloji məhsuldarlığının geri qayıtma müddəti ən yaxşı halda 4-5 ildir". 

Ekoloq onu da qeyd etdi ki, ağacın qışda don vurması daha yaxşıdır, nəinki quraqlıq zamanı zərər görməsi: "Bir var ki, ağacı qışda şaxta vursun, bu, hardasa o qədər də təhlükəli olmur. Çünki şaxta vuranda  ağacların kökü donmur. Növbəti ildən etibarən yenidən cücərməyə başlayır. Ancaq quraqlıq zamanı ağac kökdən yanır. Onu yenidən əkmək lazım olur. Ağacların quruması ölkə iqtisadiyyatında, fərdi təsərrüfatçılardan başlamış digər təsərrüfat sahələrinə qədər ciddi ziyan vurur. Eyni zamanda bitkiçiliklə yanaşı heyvandarlıq da bundan zərər görür. Çünki quraqlıq olanda heyvanlar üçün yem ehtiyyatı da toplana bilmir.  Məsələn, tədqiqat apardığımız Altıağac, Quba, Qusar rayonlarının yay otlaqları hissələrində əvvəlki tədqiqatlarımıza nisbətən kifayət qədər az kütlə ehtiyatı müşahidə olundu. Bəzi sahələrdə hətta 30-40%-ə qədər fərq var idi. Bu, gələcəkdə heyvanların qida ehtiyatından məhrum olmasına  səbəb ola bilər".

Ənvər Əliyev bildirir ki, bu yay həmişə başıqarlı dağlarda qar müşahidə olunmayıb. Əgər quraqlıq gələn illərdə də davam edərsə, ölkə iqtisadiyyatını ciddi fəsadlar gözləyir:  "Qeyd edim ki, Azərbaycanda qar xətti 500 metrə qədər yuxarıya doğru çəkilib. Elə sahələr var ki, uzun, hətta orta yaşlı nəslin görmədiyi qar xəttində qarlar əriyib tökülmüşdü. Yay boyu başıqarlı dağlarımızda qar görmək mümkün deyildi. Bütün bunlar hamısı artıq aprel-may ayından özünü göstərmişdi, hiss olunurdu. Mən 21-ci əsrdə Azərbaycan kimi təminatlı ölkənin təbiətdən bu şəkildə asılı olmasını həqiqi mənada xoşagəlməyən hal kimi qiymətləndirirəm. Biz bundan nəticə  çıxarmalıyıq.  Artıq quraqlıqdan ciddi ziyan çəkən torpaqlara antropogen təsir edilməsi, su kanallarının bərpası, su ehtiyatından müasir tələblərə uyğun istifadə, konkret olaraq yağış yağdırma üsulu, damcı üsulu ilə bitkilərin təsərrüfatlarda, həyətyanı sahələrdə  suvarılmasının vaxtı çatıb. Dünyada bu sahədə ciddi təcrübələr var. Azərbaycanda da sudan daha qənaətcil, daha effektli istifadənin zamanı çatıb. Builki nəticə gözlənilməz oldu. Amma hesab etmirəm ki, gələn il də eyni nəticəni görək. Yenə də gələn yay belə keçərsə, eyni hal müşahidə olunarsa, ciddi fəsadlar yaşanacaq. Ölkə təsərrüfatı, dolayı ilə əhali ciddi ziyan çəkəcək".