İŞİD-ə qarşı mübarizəyə Azərbaycan da qoşulacaq

12 Sentyabr 2014 08:36 (UTC+04:00)

İraqda hərbi əməliyyatlar aparan İŞİD terror təşkilatı artıq dünya nəhəngi ABŞ-ı da hədələməyə başlayıb. Belə ki, həmin qruplaşmaya aid bəzi qüvvələr bu yaxınlarda Amerikaya da girəcəklərini bəyan ediblər. ABŞ Senatında məsələ ilə bağlı senatorlara təqdim edilən sənədlərdə terrorçular arasındakı yazışmalar, onların gələcək fəaliyyət planları əks olunub.

Daxili Təhlükəsizlik Nazirliyinin kəşfiyyat və analiz şöbəsinin direktor müavini Fransis Teylor terrorçular arasında "Tvitter" və "Feysbuk" yazışmalarının izlənildiyini bildirərək, onların Meksikadan ABŞ-a girməyə cəhd göstərəcəkləri xəbərdarlığını edib. Nazirlik sözçüsü ABŞ sərhədlərindən İŞİD terrorçularının və ya əlaqəli qrupların asanlıqla keçə biləcəklərini qeyd edib. İclasda çıxış edən senator Con Makkeyn minlərlə adamın hər gün ABŞ sərhədlərindən asanlıqla keçdiyini xatırladaraq, qurum rəsmisinin fikirlərini təsdiq edib.

Xatırladaq ki, bir müddət öncə analitiklər ABŞ-ın İraqda İŞİD-ə qarşı başladığı hava hücumlarından sonra terrorçuların ABŞ daxilində fəaliyyətə başlayacaqları barədə xəbərdarlıq etmişdi. Hətta 10 gün öncə də Texas ştatının hüquq-mühafizə orqanlarının əməkdaşları bununla bağlı həyəcan dolu məlumat paylaşmışdı.

Bu xüsusda onu da qeyd edək ki, ABŞ hərbi təyyarələri bir neçə dəfə İŞİD silahlılarının yerləşdiyi əraziləri bombalayıb. Həmçinin, ABŞ İŞİD-ə qarşı mübarizədə beynlxalq koalisiya yaradır. Gözlənir ki, Azərbaycan da belə bir koalisiyada yer alsın.

Politoloq Elşən Manafov düşünür ki, İŞİD silahlı dəstələrinin ABŞ-a girməsi ehtimalı, onlar arasındakı münasibətlərdən asılı olaraq baş verə və yaxud baş verməyə də bilər: "Təbii ki, coğrafi miqyasda götürsək, İŞİD-in ABŞ-a daxil olması bir qədər çətin izah edilən məsələdir. Amma bu gün beynəlxalq terrorizm üçün coğrafi məkan anlayışı yoxdur. Vaşinqton rəsmiləri də bunu gözəl başa düşür. Çünki, 2001-ci ildə ABŞ-ın "Əl-Qaidə"nin hücumuna məruz qalması bu amili konkret olaraq sübut etdi. İŞİD-in ABŞ ərazisində bu və ya digər terror aktı həyata keçirə biləcəyilə bağlı məsələlərə gəldikdə, "Əl-Qaidə"nin özü kimi İŞİD də Vaşinqtonun xüsusi xidmət orqanları tərəfindən yaradılan təşkilat olması barədə məlumatlar gəzir. Amma reallıq ondan ibarətdir ki, Mosulu ələ keçirdikdən sonra, İŞİD tam müstqəil olub. Bildiyiniz kimi, Mosulun ələ keçirilməsi zamanı bu şəhərdəki bankdan İŞİD-in ələ keçirdiyi maliyyə vəsaitinin həcmi 425 milyon dollardan çox olub və maliyyə problemləri həll olunur. Bunu ABŞ xüsusi xidmət orqanlarında da gözəl başa düşürlər. Ona görə də istisna etmək olmaz ki, məhz İraqdakı şəhərlərin ələ keçirilməsi, xüsusən Kürdüstan uğrunda gedə biləcək mübarizənin gedişində İŞİD ABŞ-ın özündə də terror aksiyaları həyata keçirsin. ABŞ İŞİD-ə bundan sonra da hava zərbələri endirməkdə davam edərsə, onda bu təşkilatın Vaşinqtona münasibətlərinin xarakter və formasının dəyişməsinə səbəb olacaq".

ABŞ-ın İŞİD-ə qarşı yaratmaq istədii beynəlxalq koalisiyada Azərbaycanın iştirakı məsələsinə gəldikdə isə, ekspert Bakının da orada təmsil olunacağını istisna etmədi: "Azərbaycan da ABŞ kimi beynəlxalq terrorizmə qarşı mübarizənin fəal iştirakçılarından biridir. Azərbaycan tranzit ölkə olaraq da mühüm əhəmiyyət daşıyır. Bakı Əfqanıstandan ABŞ qoşunlarının çıxarılması üçün özünün tranzit məkanından istifadəsinə razılıq verdi. İraqda Azərbaycan taborunun 150 nəfərlik heyəti iştirak edirdi. Azərbaycan özü də terrora məruz qalan ölkədir. İŞİD-ə qarşı beynəlxalq koalisiya yaranarsa, ölkəmizin də həmin koalisiya tərkibinə daxil olacağını istisna etməzdim. Qardaş və strateji müttəfiqimiz Türkiyə də bəyan edib ki, İŞİD-ə qarşı mübarizəyə qoşulacaq. Bu mənada, Türkiyə Azərbaycan münasibətlərinin reallıqları baxımından da Bakının həmin koalisiyaya qoşula biləcəyini istisna etməzdim".

Siyasi şərhçi Rüstəm Məmmədov İŞİD-lə bağlı şəxslərin ABŞ-da hansısa təxribat törədə biləcəklərini mümkünsüz saydı: "İŞİD silahlıları ilə bağlı şəxslərin belə ABŞ sərhədini keçməyə imkanları yox dərəcəsindədir, qeyri-mümkündür. Bu, birmənalı surətdə belədir. ABŞ-ın müdafiə sistemi çox güclüdür. Xüsusən də 11 sentyabr 2001-ci il olayından sonra onlar təhlükəsizliyin təmini məsələsinə daha ciddi önəm verməyə başlayıb".

Həmsöhbətimiz Vaşinqtonun İŞİD-də qarşı yaratmaq istədiyi beynəlxalq koalisiyada Azərbaycanın iştirakını isə vacib bildi: "Təbii ki, Azərbaycan belə bir koalisiyada iştirak edəcək. Azərbaycan hər hansı terror qruplarına qarşı mübarizədə mütləq iştirak edəcək. Burada başqa söhbətlər ola bilməz".