Kürün də suyu azalır

15 Sentyabr 2014 11:15 (UTC+04:00)

Son bir neçə aydır ki, bir çox çaylar kimi Kürün də suyunda azalma müşahidə edilməkdədir. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Bankədə 8, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb. Beləliklə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunur. 

Ekoloq Telman Zeynalov bunun son vaxtlar ölkəmizdə yaşanan quraqlığın təsirlərindən biri olduğunu deyir. Ekoloq Mövqe.az saytına verdiyi açıqlamada bildirib ki, son 3 aydır ki, nə Kür çayının başlanğıcını götürdüyü Türkiyədə, Gürcüstanda, nə də Azərbaycanda sululuq yüksək səviyyədə deyil: "Səbəb isə odur ki, bu 3 ayda demək olar ki, həmin ərazilərə yağıntı düşmür. Buxarlanma həddən artıq çox olduğundan suyun miqdarı azalır. Bir hissəsi də suvarmaya ayrıldığından, suyun səviyyəsi lap azalır". 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev də Mövqe.az-a verdiyi açıqlamada məsələyə münasibət bildirdi: "Bu il qış dövründə qar ehtiyatı normadan aşağı olub. Həmçinin, cari il böyük çaylarda gursululuğun normadan aşağı olacağı gözlənilir. Yağıntının az olması ilə əlaqədar hazırda ölkənin çaylarında azalma müşahidə edilməkdədir. Son dövrlər Kür çayının aşağı hissəsində ən aşağı səviyyələr müşahidə olunur. Ancaq 2000-2001-ci illərdə bundan da aşağı səviyyə müşahidə olunub. Kür çayının Salyan məntəqəsində son vaxtlarda azalma müşahidə olunmuşdu. Ancaq son 2 gündə orada səviyyədə artım var".

Baş hidroloq bildirdi ki, yay dövrü üçün respublikanın dağ, həm də ən böyük çaylarda gözlənilən proqnoz iyun ayının sonlarında tərtib olunacaq: "Gürcüstan əraizində, Kiçk Qafqaz ərazilərdə 2-3 gün əvvəl yağan yağıntılarla əlaqədar Kürün səviyyəsində artımlar qeydə alınıb. Ancaq ümumilikdə hazırda Kür çayında sululuq normadan aşağıdır".