Prezident və xanımı məktəbdə
15 Sentyabr 2014 12:40 (UTC+04:00)
Sentyabrın 15-də ölkəmizdə yeni dərs ili başlayıb.
"Bilik Günü"ndə orta və ali məktəblər qapılarını şagirdlərin,
tələbələrin üzünə açıb. Bu il bir çox yeni məktəblər və yenidən
qurulub, əsaslı təmir olunan təhsil ocaqları istifadəyə verilib.
Belə təhsil müəssisələrindən biri də Bakının Şağan qəsəbəsində yeni
inşa edilmiş Füzuli Gözəlov adına 124 nömrəli tam orta
məktəbdir.
"Bilik Günü" bu məktəbin müəllim-şagird kollektivi
üçün ikiqat əlamətdar oldu. Prezident İlham Əliyev və xanımı
Mehriban Əliyeva məktəbin açılışında iştirak
etdilər.
Prezident İlham Əliyev əvvəlcə məktəbin rəmzi
açılışını bildirən qırmızı lenti kəsdi.
Sonra dövlətimizin başçısı və xanımı məktəbin yeni
binasında yaradılan şəraitlə tanış oldular.
Məlumat verildi ki, məktəbin 1961-ci ildə inşa
edilmiş əvvəlki binası istifadəyə yararsız vəziyyətdə idi. Yeni
tikilən 1560 şagird yerlik binada tədrisin yüksək səviyyədə
aparılması üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev yeni dərs ili münasibətilə
şagirdləri və müəllimləri təbrik etdi.
Məktəbin kollektivi və rayon ictimaiyyətinin
nümayəndələri dövlətimizin başçısına minnətdarlıqlarını
çatdırdılar.
Sonda xatirə şəkli çəkdirildi.