Gələn ay ətin qiymətində artım olacaq…

15 Sentyabr 2014 13:11 (UTC+04:00)

Artıq istirahət mövsümü demək olar ki başa çatıb. İnsanlar sürətlə yenə də paytaxt Bakıya, evlərinə, işlərinə qayıdırlar. Əvvəlki sıxlıq, əvvəlki məşğulluq,  hər şeyə əvvəlki tələbat geri qayıdır. Üstəlik təhsillə, işlə əlaqədar da bir sıra insanlar şəhərə üz tutacaqlar. Bu amil,dediyimiz kimi, hər şeyə, eləcə də ərzaq məhsullarına tələbatı artıracaq ki, bu artımın qiymətlərə təsirini də həmişə müşahidə etmişik. Müqəddəs Qurban Bayramı da yaxınlaşan bu ərəfədə gündəmə gələn məsələlərdən biri ətin qiyməti ilə bağlıdır. Çünki hər bu baryamda ətin, xüsusən də qoyun ətinin bahalaşması müşahidə olunur. Ekspertlər hesab edirlər ki, əgər hökümət tərəfindən qabaqlayıcı tədbirlər görülməzsə, yenə də ət bazarında qiymətlə bağlı xoşagəlməz vəziyyət yarana bilər. 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bazar qiymətlərinə birbaşa müdaxilənin əleyinə olsa da, hesab edir ki, əvvəlcədən fermerləri mövcud problemləri həll edilməli idi ki, onlar üçün heyvanın maya dəyəri baha  başa gəlməsin: "Bazara birbaşa müdaxilə eləmək olmaz. Bunun üçün ciddi əsas, konkret qanun-qayda olmalıdır. Çünki əgər qiymətlərə müdaxilə əsasında fermerlər zərərə məruz qalarlarsa, onların itkisi konpensasiya olunmalıdır. Ona görə bazarda qiyməti süni şəkildə aşağı salmaq istəsələr, bu, ciddi problemlər yaradar. Hökümət müdaxiləni necə edə bilər? Gərək özü istehsalla məşğul olsun. O da ki indiki şəraitdə mümkün deyil. Belə halda məcbur olur ki, başqa ölkələrdən idxal eləsin. İdxal heyvanların da qiymətini süni surətdə salsaq, bu, fermerlərə ciddi ziyan vurar. Bu gün elə qonşu ölkə yoxdur ki, başqa ölkədən qurban bayramı üçün heyvan gətirib qiymətləri aşağı salsın. Məsələn, İran Ermənistandan idxal edir. Biz özümüz keçən il daha çox Gürcüstandan idxal etmişdik. Hesab edirəm ki, bu sahədə qiymətə müdaxilə yox, zamanında fermerlərin problemlərinin həlli istiqamətində işlər görmək lazım idi ki, onların istehsal etdiyi məhsulun maya dəyəri artmasın. İndiki halda fermerlər çalışırlar ki, qısa bir müddətdə əldə etdikləri məhsulu realizə etsinlər. Heç biri istəməz ki, heyvanı əlində qalsın. Hamısı çalışır ki, qısa bir müddətdə yaranmış vəziyyətdən istifadə edib gəlir əldə etsinlər və öz bizneslərini genişləndirsinlər. Onlara müdaxilə nəticəsində istehlakçılar dividend qazanacaq, amma bu da öz növbəsində fermerə zərər vuracaq.Nəticədə fermer istehsaldan yayınacaq". 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev isə gözlənilən bahalaşma ilə əlaqədar bildirir: "Ənənəvi haldır ki, qurban bayramında ətə tələbat artdığına görə, satıcılar qiymətləri də artırmaqda maraqlı olurlar. Hesab edirəm ki, belə bir şəraitdə bir sıra qabaqlayıcı tədbirlər görmək olar. Birinci növbədə hər il İqtisadiyyat və Sənaye  Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Gürcüstandan gətirilən heyvanların satışı üçün yarmarkalar təşkiledir və bundan yararlanaraq qiymətin süni şəkildə artımına nəzarət olunur. Çünki müşahidə olunan haldır ki, idxal heyvanlar alındığından qat-qat baha qiymətə satılır. İkinci bir yol kimi, yerli heyvanlar, rayonlardan gətirilən mal-qara üçün də yarmarkaların təşkil olunmasıdır.  Bu zaman alıcı ilə satıcının birbaşa təmasına imkan yaradılır. 

Digər tərəfdən, bir sıra ölkələrin, məsələn, qonşu Türkiyənin təcrübəsində var ki, heyvanlar müxtəlif xeyriyyə fondları tərəfindən kütləvi şəkildə alınır. Bu zaman satıcılar da qoyduqları vəsaiti geri götürə, qazanc əldə edə bilirlər.   Beləliklə, süni şəkildə qiymət artırmağa ehtiyac olmur.  Bu, satıcıların işini asanlaşdırır. Bu kimi metodlarla bazarda artımın qarşısını almaq olar".