Yeni məktəbdə "Bilik günü" coşqusu-REPORTAJ

15 Sentyabr 2014 14:10 (UTC+04:00)
Bu gün Bakının Binəqədi rayonunda, 182 nömrəli tam orta məktəbin yeni binasında "Bilik günü" qeyd olunub. Movqe.az xəbər verir ki,məktəbin yeni binasında keçiriləcək ilk dərs gününün sevincini yaşayan şagird və valideylər "Bilik günü"nü böyük coşqu ilə qeyd ediblər. Azərbaycanın dövlət himni ilə başlayan bayram tədbiri orta məktəbin direktoru Zinyət Tağıyevanın çıxışı ilə davam edib. Məktəbin yeni binasında şagirdləri salamlayan Ziynət Tağıyeva, bu təhsil ocağının yeni binasının tikintisinə sərəncam verən ölkə başçısı cənab İlham Əliyevə məktəb kollektivi, şagird və valideynlər adından dərin minnətdarlığını bildirib. Z. Tağıyeva  182 saylı məktəbdə şagirdlərin təhsil alması üçün yaradılan bu şəraitə görə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının müəllifi Mehriban Əliyevaya da minnətdarlığını ifadə edib. Z. Tağıyeva qeyd edib ki, Binəqədi rayon icra başçısının, icra aparatının rayonda apardığı analoqu olmayan abadlıq-quruculuq işlərində, məktəbin tikintisində olan xüsusi əməklərinə görə hər birinə dərin minnətdarlığını bildirir: "Binəqədi rayon icra başçısının əməyi sayəsində rayonumuz Bakının digər rayonları arasında sürətlə simasını dəyişən, gözəlləşən rayona çevrilib. İcra başçısı Xaləddin İsgəndərovun rayonda apardığı bu tədbirlər qəsəbə sakinləri tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanıb".
Bu gün yeni məktəbin 3 minə yaxın şagirdi qarşıladığını söyləyən məktəb direktoru, məktəbin pedoqoji heyyəti adından tədrisin yüksək səviyyədə, yaradılan şəraitə uyğun aparılacağına da vəd verib. Tədbir icra başçısının müavini Aygün Əliyevanın nitqi ilə davam edib. Birincilər ilk dəfə 182 saylı məktəbin yeni binasındakı müasir, yüksək təhsil standartlarına cavab verən sinif otaqlarına qədəmlərini qoyublar".  
Xatırladaq ki, Binəqədi rayonunda yerləşən 182 saylı məktəbin yeni binası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə sentyabrın 13-də açılıb. Dövlət başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, məktəbin əvvəlki binası 1962-ci ildə inşa edilib. 31 sinif otağından ibarət məktəb 800 yerlik olub. Məktəbin binası yararsız vəziyyətdə olduğundan sökülərək 3 mərtəbədən, 65 sinif otağından ibarət müasir bina inşa olunub və yeni dərs ilində şagirdlərin istifadəsinə verilib. 1300 şagird yerlik yeni binada 10 fənn kabineti yaradılıb. Bütün sinif otaqları ən müasir standartlar səviyyəsində olan məktəb zəruri avadanlıq və dərs ləvazimatları ilə təchiz edilib. Təhsil müəssisəsində yeni istilik və işıqlandırma sistemləri quraşdırılıb. Bu məktəbdə də idmanın müxtəlif növlərinin öyrədilməsi üçün müasir zal və meydançalar var. Dövlət başçısı məktəbin sinif otaqlarına, fənn kabinetlərinə baxaraq, yaradılan şəraitlə yaxından tanış olub.