Bakıda oğurluq edən dəstənin 3 üzvü yaxalanıb

16 Sentyabr 2014 14:25 (UTC+04:00)

Bakıda avtomobillərdən oğurluq edən dəstənin 3 üzvü yaxalanıb. 


Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsi və post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən əməliyyat keçirilib.


Keçirilən əməliyyat zamanı sentyabrın 14-də Kaveroçkin küçəsində Rəşad Nəbiyevə məxsus "Hyundai-Sonata" markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən Siyəzən rayon sakini Səmiyar Quliyev, Bakı şəhər sakini Fətulla Əzizov və Masallı rayon sakini Məhəmməd Həbibov tutulublar.


Araşdrmalar nəticəsində olub ki, onlar sentyabrın 11-i saat 18:30-dan 13-ü saat 16-dək olan müddətdə Azadlıq prospektində İntiqam Hüseynova məxsus "Lexus" və sentyabrın 14-nə keçən gecə Mirqasımov küçəsində Mahir Əsədliyə məxsus "Toyota-Camry" markalı avtomobillərdən pul və müxtəlif əşyalar götürüblər.


Bundan başqa onlar sentyabrın 14-nə keçən gecə İ.Qasımov küçəsində Kərim Əbdürəhmanzadəyə məxsus "Peugeot" markalı avtomobildən oğurluğa cəhd ediblər.


Faktla bağlı araşdırma aparılır.