Yarmarkalarda da qiymətlər qalxır

17 Sentyabr 2014 11:20 (UTC+04:00)

Paytaxtın bir neçə yerində həftə sonları təşkil edilən kənd təsərrüfatı yarmarkalarında əvvəl mövsümlə bağlı  yaşanan ucuzlaşmadan iki dəfə artıq qiymət artımı müşahidə olunur. Üstəlik bəzən fermerlər satış yerləri tapmaqda da çətinlik çəkirlər. Məsələyə Kənd Təsərrüfatı Nazirliyinin münasibətini öyrəndik. Nazirliyin mətbuat xidmətinin rəhbəri  Murtuzəli Hacıyev Mövqe.az-a açıqlamasında bu bahalaşmanın normal, mövsümi xarakter daşıdığını bildirdi: "Bazarda elə də ciddi artım yoxdur. Biz monitorinqlər də aparmışıq. Qiymətləri keçən ilin müvafiq dövrü ilə müqayisə eləsək, qiymətlər stabildir. Qiymətlərdə tam satibllik müşahidə olunur. Məsələn, yerli kartofun bir kilosu 50-60 qəpik, soğan 1 manata, meyvələrdən almanın qiyməti 30-40, maksimum 50 qəpikdir. Müəyyən məhsulların qiymətində artım var, doğrudur.  Amma bu təbiidir, mövsümi xarakter daşıyır". 

Fermerlərin satış yerləri ilə bağlı yaşadığı problemə isə, nazirliyin nümayəndəsi belə münasibət bildirdi: "Yerlərlə bağlı yalnız "Ukrayna dairəsi"nin yanında təşkil olunan Əhmədli yarmarkasında bu il sıxlıq müşahidə olunub. Bura insan axını çox olduğu üçün rayondan gələn təsərrüfatçılar da həmin yarmarkaya  üz tutmaq istəyirlər. Bu səbəbən də müəyyən yer problemi yaranır. Artıq məsələ ilə bağlı nazirlik  tərəfindən tədbir görülməsi nəzərdə tutulub. Bu həftədən Əhmədli yarmarkası 50 metr uzadılacaq. Beləliklə, ora gələn bütün fermerlər rahat yerləşdiriləcəklər". 

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə son vaxtlar yaşanan bahalaşmanın heç də mövsümi xarakter daşıdığını düşünmür. Ekspert Movqe.az-a açıqlamasında məsələyə belə münasibət bildirib: 

"Kənd təsərrüfatı məhsulu digər mallardan fərqli olaraq qısa bir müddətdə öz istehlakçısını tapmalıdır. Bunlar tez xarab olduğu  üçün uzun müddət onu saxlamaq fermerə sərfəli deyil. Bundan ötrü  xüsusi yerlər, soyuducu anbarlar, kameralar olmalıdır. Bunlar da məlumdur ki, fermerdən vəsait tələb edir.  Əgər bu gün kənd təsərrüfatı məhsulunun qiyməti ciddi artıbsa, bunu mövsmülə bağlamaq düzgün deyil.  Dünyada mövcud olan kənd təsərrüfatı bazarlarında qiymətlər stabil olaraq saxlanılır. Bu da onunla bağlıdır ki, həmin sivil yerlərdə dövlətin aqrar qiymət siyasətini müəyyənləşdirirlər. Bu siyasətə uyğun olaraq  da yuxarı və aşağı hədd müəyyənləşdirilir. Təyin olunur ki,  fermer istehsal etdiyi məhsulu təxminən hansı yuxarı  və aşağı həddə sata bilər. Belə olan halda əgər fermer bundan ziyan çəkərsə, dəyən ziyan dövlət tərəfindən konpensasiya olunur. 

Belə olmadıqda kənd təsərrüfatında xaos yaranır. Çünki bəzən belə yerlərdə  kənd təsərrüfatı məhsulunun istehsalı, satışı, düzgün təşkil edilmir. Qiymətlər ziqzaq formasında gah düşür, gah da qalxır. Bəzən bizdə də müşahidə edilir ki, məhsul var, ancaq bazara gətirib çıxarılmır.  İki il əvvəl kartof istehsalçıları  kartofu yerdən belə çıxarmadılar. Ona görə ki, bazarda qiymət çox aşağı idi.  Əslində, bazarda qiymət yox, tədarükçülər məhsulu o qədər aşağı qiymətə almaq istəyirdilər ki, fermerlərə sərf etmirdi. Bu da ondan xəbər verir ki, Azərbaycanda  kənd təsərrüfatı məhsulunun istehsalı, daşınması, satışı tam qaydasına salınmayıb". 

Ekspert bildirib ki, həftə sonları yarmarkalarda əksəriyyət Bakı bazarlarında satışı həyata keçirən və həftənin 2 günü həmin məhsulu bazara daşıyan şəxslərdir: "Fermerlər yenə öz məhsullarının gətirib müstəqil şəkildə Bakı bazarlarında və yarmarkalarda sata bilmirlər. Ona görə də belə vəziyyətdə, yəni, bazar isehsalçı üçün əlçatan olmadığına görə, bazarda artıq bəzi topdansatışla məşğul olan tədarükçülər qiymətə təsir edə bilirlər. Məhsulu istədikləri qiymətə təklif edə bilirlər. Onlar elə şəxslərdir ki, məhsulun yerlərdə nə qədər istehsal olunması haqda informasiyalı olurlar. Belələri rayonlara gedir, ordan məhsul tədarük edir və bu zaman istehsalla bağlı mənzərəni tam aydın görə bilirlər. Ona görə də şəraitə uyğun olaraq qiyməti istədikləri kimi müəyyənləşdirə bilirlər. Bu səbəbdən yaranmış durumdan istehsalçılar da, istehlakçılar da əziyyət çəkirlər".