Dünyada hər gün 17 min uşaq ölür

17 Sentyabr 2014 17:55 (UTC+04:00)

UNİCEF-in yeni hesabatı: Hər il 1 milyon körpə doğulan kimi ölür

  Dünyada hər il 1 mln. körpə doğulan kimi ölür.


APA – nın məlumatına görə, bu barədə UNİCEF-in Uşaq Fondunun yeni hesabatında deyilir.


Sənəddə qeyd olunur ki, 1990-cı ildən başlayaraq 5 yaşınadək olan uşaqlar arasında ölüm hallarının sayı 49 faiz azalıb. 1990-cı ildə 12,7 mln. uşaq öldüyü halda, 2013-cü ildə müvafiq göstərici 6,3 mln. olub.


Bununla belə ekspertlər hesab edirlər ki, əldə olunan nəticələr Minilliyin inkişaf məqsədlərindən birinə (2015-ci ilədək uşaqlar arasında ölüm hallarının sayını 60 faiz azaltmaq) çatmaq üçün yetərli deyil.


Hesabatda bildirilir ki, körpə üçün ən təhlükəli olan həyatının ilk 28 günüdür. Bu zaman kəsiyində hər il 2,8 mln. uşaq ölür.


Ötən il dünyada aradan qaldırılması mümkün olan səbəblər üzündən 6,3 mln. uşaq ölüb. Bu, 2012-ci ildəki göstəricidən 200 min azdır. Bu o deməkdir ki, hər gün dünyada 17 min uşaq ölür.


Uşaq ölümlərinin yarısından çoxu zəif qidalanma ilə bağlıdır. Digər səbəblər arasında doğuş zamanı problemlər, diareya və sətəlcəm göstərilir.