“Ədəbiyyatda və sənətdə neft faktoru” mövzusunda elmi konfrans keçirilb

19 Sentyabr 2014 16:24 (UTC+04:00)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasındakı Nizami adına Ədəbiyyat İnstitutunun Elektron Akt Zalında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi"nin 20 illik yubileyinə həsr edilmiş "Ədəbiyyatda və sənətdə neft faktoru" mövzusunda elmi konfrans keçirilmişdir.


Tədbir iştirakçıları əvvəlcə foyedə Mərkəzi Elmi Kitabxana tərəfindən təşkil olunmuş, ölkəmizin uğurlu neft siyasətini əks etdirən çeşidli elmi və bədii kitab sərgisi ilə tanış olmuşlar.


Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli "Azərbaycan ədəbiyyatının neft dünyası" mövzusunda giriş sözü ilə çıxış etmişdir. Akademik bildirmişdir ki, xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu ki, əsrin nəhəng neft müqaviləsinin bağlanması da bu siyasətin mühüm tərkib hissəsi kimi meydana çıxmışdır. Qeyd edilmişdir ki, elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edilərək yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından olmuşdur ki, bu gün də ölkə Prezidenti kimi həmin strateji xətti uğurla davam etdirir. Akademik İsa Həbibbəyli ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu iqtisadi siyasətin, bilavasitə neftlə bağlı qazanılan nailiyyətlərin, davamlı inkişaf perspektivlərinin, ümumilikdə isə neft amilinin Azərbaycan ədəbiyyatında da öz əksini tapdığını nəzərə çatdırmışdır. İndiyədək çoxsaylı əsərlərdə yer tapmış neft mövzusu davamlı olaraq müxtəlif istiqamətlərdə işlənilmişdir. Bu gün müstəqillik dövründə də həmin ənənə davam etdirilir və Azərbaycan ədəbiyyatında olduğu kimi ədəbiyyatşünaslıq elmində də neft amili məsələlərinə böyük diqqət yetirilir, mövzu bədii və elmi cəhətdən geniş dairəni əhatə edir. Ədəbiyyatda bundan sonra da neft mövzusunda ədəbi-bədii, elmi əsərlərin yaradılmasına böyük önəm verilməsinin vacibliyini diqqətə çatdıran akademik İsa Həbibbəyli humanitar elmlər çərçivəsində də göstərilən istiqamətdə tədqiqatların aparılması üçün bu gün akademiyada münbit şəraitin olduğunu xüsusi olaraq vurğulamışdır.


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov və Azərbaycan Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilənin imzalanmasını böyük tarixi hadisə kimi dəyərləndirmişlər. Bildirmişlər ki, öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmış bu müqavilə yeni-yeni bədii və elmi əsərlərin daimi mövzusu olmalıdır. Dünyanın 8 ölkəsinin ən məşhur neft şirkətləri ilə


bağlanmış "Əsrin müqaviləsi" müxtəlif istiqamətlərdə istər bədii, istərsə də elmi əsərlərdə öz əksini tapmalıdır.


Filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədov "Mehdi Hüseyn yaradıcılığında neft problemi və neftçi obrazları", filologiya üzrə fəlsəfə doktorları Məhəmmədəli Mustafayev "Azərbaycan ədəbiyyatında neft mövzusunda ilk bədii əsər", Elnarə Akimova "Azərbaycan poeziyasında qara qızılın tərənnümü", Şəmil Sadıqov "Müstəqillik dövrü Azərbaycan bədii nəsrində neft mövzusu", Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantı Nigar Axundova "Azərbaycan təsviri sənətində neft" mövzularında məruzə ilə çıxış etmişlər. Məruzə və çıxışlarda Azərbaycan ədəbiyyatında neft mövzusunda işlənmiş poeziya və nəsr əsərlərinə ədəbiyyatşünaslıq elmi nöqteyi-nəzərindən əhatəli nəzər salınmış, mövzunun aktuallığı tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.


Tədbir boyu Azərbaycanda neft sənayesinin tarixi inkişafını əks etdirən slaydlar nümayiş etdirilmişdir.


Elmi konfransda Azərbaycan elmi ictimaiyyətinin, kütləvi informasiya vasitələri və elektron medianın bir sıra nümayəndələri iştirak etmişlər.