Millət vəkili: “2015-ci il dövlət büdcəsinin layihəsində neftin baza qiyməti 90 dollardan yüksək olmamalıdır”

19 Sentyabr 2014 19:24 (UTC+04:00)

Azərbaycanın 2015-ci il dövlət büdcəsinin layihəsində neftin baza qiyməti 90 ABŞ dollarından yüksək olmamalıdır.Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında deyib ki, 2015-ci ildə neftin qiymətində azalmaya doğru müəyyən dəyişiklik olacaq."Bildiyimiz kimi, Qərb dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bu sanksiyalardan biri də neftin qiymətinin azaldılmasıdır. Mən belə hesab edirəm ki, gələn il neftin ucuzlaşması prosesi gedəcək və neftin qiyməti orta hesabla 80-85 dollar arasında dəyişəcək. Buna görə də, dövlət büdcəsində neftin qiymətini 90 dollardan artıq götürmək olmaz. Maksimum 90 dollar götürmək lazımdır ki, müəyyən problemlərlə üzləşməyək, büdcədə kəsir hissəsində müəyyən problemlər yaranmasın", - deyə V. Əhmədov vurğulayıb.Millət vəkili əlavə edib ki, gələn il neftin qiyməti 90 dollardan yüksək olarsa, 2015-ci ilin may-iyun aylarında büdcəyə yenidən baxıla, əlavə və düzəlişlər edilə bilər. Bununla belə, iqtisadçı-ekspert hesab edir ki, gələn il neftin qiyməti 90 dollardan yüksək olmayacaq.

Qeyd edək ki, 2015-cü ilin dövlət büdcəsi müzakirə olunmaq üçün Nazirlər Kabinetinə göndərilib. Növbəti həftədə Nazirlər Kabinetində 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin geniş müzakirəsinin keçirilməsi nəzərdə tutulur.