Türkiyədə kürddilli məktəblərin bağlanması etiraza səbəb olub

20 Sentyabr 2014 14:06 (UTC+04:00)
Türkiyənin Diyarbəkir vilayətində kürddilli məktəblərin bağlanmasına qarşı çıxan vətəndaşlar etiraz aksiyası keçiriblər.

Movqe.az-ın Milli.Az-a istinadən məlumatına görə, Sur rayonunda axşam saatlarında baş tutan icazəsiz aksiya sonda təhlükəsizlik qüvvələri ilə fəallar arasında qarşıdurmalara çevrilib. Polis yollardan birini kəsərək nəqliyyatın hərəkətinə mane olan qrupa müdaxilə edib. Fəallar polisə daş və yanıcı maddələrlə hücum ediblər. Polis təzyiqli su şırnaqları ilə zorakı qrupu dağıtmağa çalışıb.

Türkiyənin ədliyyə naziriBəkir Bozdağrəsmi icazə almadan kürd dilində tədris verən məktəblərin fəaliyyətə başlamasını "qara propaqanda" adlandırıb.

"Türkiyədə türk dilindən başqa hər hansı bir dildə özəl məktəb açmaq üçün heç bir əngəl yoxdur. Hər kəs məktəb aça bilər. Lakin bunun müəyyən yolları var. Bunun üçün lazımi şərtləri yerinə yetirmək, rəsmi icazə almaq vacibdir" - deyə nazir qeyd edib.

Hökumət bir müddət əvvəl qanunsuz fəaliyyət göstərən məktəblərin fəaliyyətini dayandırıb.